ABŞ-də prezidentlik yarışı: Nikki Heyli israrlıdır

      ABŞ-də prezidentlik yarışı:    Nikki Heyli israrlıdır
  25 Yanvar 2024    Oxunub:1495
İlkin seçkilərin nəticələrinə əsasən, Respublikaçılar Partiyasının namizədi kimi Donald Trampa "böyük hesabla uduzan" Nikki Heyli prezidentlik uğrunda mübarizəsini israrla davam etdirir.
AzVision.az bildirir ki, yanvarın 15-də Ayova ştatında baş tutan Respublikaçılar Partiyasının kokusunda (ilkin seçkilər) cəmi 19,1%, yanvarın 23-də növbəti mərhələdə - Nyu-Hempşirdəki "yarış"da isə Trampa qarşı 43,3% səs toplayan Nikki Heyli bu məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır.

(Nikki Heyli Nyu-Hempşirdə seçki kampaniyasında)

52 yaşlı xanım namizədin siyasi kariyerasına qısaca nəzər yetirsək, görərik ki, o, 2011-2017-ci illərdə Cənubi Karolina ştatının qubernatoru, ardınca isə 2018-ci ilədək ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi kimi fəaliyyət göstərib. ABŞ prezidentliyinə namizədliyini hələ rəsmi şəkildə irəli sürmədiyi bir vaxtda - 2022-ci ilin iyulunda paytaxt Vaşinqtonda keçirilən İsrail naminə Xristianlar Birliyi Sammitində :

"(Prezident kimi) vəzifəmin ilk günündə İranla istənilən nüvə sazişini ləğv edəcəyəm", - deyərək namizədlik niyyəti ilə bağlı eyham vurmuşdu.

Bu "maraqlı eyham"ın üzərindən bir il keçməmiş, 2023-cü ilin 14 fevralında gözlənilən xəbər özünü gecikdirmədi: Nikki Heyli Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi namizədliyini verdi. Beləliklə, ölkənin keçmiş prezidenti Donald Trampın "partiyadaxili rəqibi"nə çevrildi. Hərçənd maraqlıdır ki, 2021-ci ilin aprelində mətbuat konfransı zamanı "Associated Press"ə:

"Əgər Tramp namizədliyini irəli sürərsə, mən bu yarışa qoşulmayacağam", - demişdi.

Xanım Heyliyə qarşı seçicilərin bu, ya digər səbəbdən inamsız yanaşması 2023-cü ilin oktyabrında respublikaçıların ilkin rəy sorğularında da özünü göstərib. Belə ki, o həmin sorğularda Tramp və digər rəqibi - ötən günlərdə yarışdan çəkilərək Trampı dəstəklədiyini dilə gətirən Florida ştatının qubernatoru Ron DeSantisdən 8,3% səslə geridə qalmışdı.

(Nikki Heyli o vaxtkı prezident Donald Trampla Ağ Evin Oval kabinetində. 2018-ci il)

Seçki kampaniyası dövründə cinsi azlıqların hüquqları, eynicinsli nikah, abort məhdudiyyəti, "TikTok" şəbəkəsinə qadağa, pensiya yaşının artırılması, büdcə xərclərinin azaldılması və s. kimi bir çox sosial və iqtisadi məsələ üzrə diqqətçəkən fikirləri ilə gündəmə gələn Nikki Heylinin iqlim dəyişikliyi problemi ilə bağlı məramı, bu problemi birbaşa insan faktoru ilə əlaqələndirməsi onun prezident kimi necə siyasət yürüdəcəyindən xəbər verir. Ötən ilin avqustunda "New York Times"da dərc edilmiş məqaləsində "prezident seçiləcəyi təqdirdə ABŞ-ni Paris Sazişindən yenidən çıxarmağa, qalıq yanacaq istehsalından, elektrik stansiyaları və nəqliyyat axınından qaynaqlanan ekoloji çirklənmə ilə mübarizə qanunlarını, habelə bərpaolunan enerji subsidiyalarını ləğv etməyə söz verdiyini" bildirmişdi.

BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsaslanan və 2016-cı ildə ABŞ da daxil olmaqla 190-dan çox ölkənin imzaladığı Paris Sazişi qlobal istiləşmə və ümumilikdə iqlim problemləri ilə mübarizə mahiyyətli razılaşmadır. ABŞ sözügedən sazişdən 2020-ci ilin noyabrında (Donald Trampın prezidentliyi dövründə) ayrılmış, qısa müddət sonra - 2021-ci ilin fevralında (Baydenin dövründə) yenidən qoşulmuşdu.

Nikki Heylinin bu sazişə münasibətdə Trampla eyni yanaşma sərgiləməsi məsələnin yeganə maraqlı məqamı deyil. Seçicilərə ölkəni təkrarən bu sazişdən ayırmaq vədini verən Nikki Heylinin beynəlxalq bir konvensiyadan ayrılmaq istəyi Avropada getdikcə artan anti-Aİ düşüncəsini xatırladır. Bu kontekstdə Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri Alis Vaydelin ötən günlərdəki müsahibələrindən birində dilə gətirdiyi "İqtidara gələcəyimiz təqdirdə ölkəni Avropa İttifaqından çıxaracağıq" fikrini yada salmaq maraqlıdır...

(AfD Partiyasının həmsədri Alis Vaydel)

İyun ayında Avropa Parlamentində keçiriləcək seçkilər barədə proqnozlar isə məsələnin başqa tərəfini qabardır. Avropa Xarici Əlaqələr Şurasının (ECFR) mövzu ilə bağlı hesabatı diqqətə çatdırır ki, Donald Tramp ABŞ-də yenidən prezident seçilərsə və Avropa İttifaqına müxalif sağçılar Avropa Parlamentində üstünlük qazanarsa, Avropa qapalı millətçi ab-havaya bürünəcək və bu, Aİ-ABŞ münasibətlərinə öz təsirini göstərəcək.

Bu iki məqam da qəribə şəkildə üst-üstə düşür. Nikki Heylinin də, Donald Trampın da prezidentliyi həm ABŞ, həm də Avropa üçün "bir-birindən təcrid vəd edir". Belə bir şəraitdə istər ABŞ-nin, istər Avropanın hansı siyasət aparacağı hələ ki bulanıq görünsə də, bəzi nüanslar indidən aydındır. Avropa Xarici Əlaqələr Şurasının hesabatında da vurğulandığı kimi, Avropa Parlamentində və ümumiyyətlə Aİ-də sağçıların artması ölkələri müəyyən mənada əks yöndə siyasi düşüncəyə aparacaq. Miqrasiya, iqlim problemi, Ukrayna böhranı, maliyyə məsələləri, eləcə də beynəlxalq qurumlara münasibət bu "çevrilmə"dən, şübhəsiz ki, təsirlənəcək. Məsələn, Avropanın miqrantlara qarşı böyüyən tərəddüdü ilə bağlı Almaniya və İtaliya nümunəsi hazırda gündəmdədir. AfD Partiyasının timsalında ifrat sağçı cinah miqrantları gözü götürmədiyini müəyyən mənada etiraf edir. Ötən həftə məhz belə bir planın gizli müzakirəsi üzə çıxmışdı ki, bu, Almaniyada qalmaqal yaratmış, böyük nümayişlərə səbəb olmuşdu.

(Münhen şəhərindəki Zəfər tağı qarşısında ifrat sağçı və irqçi siyasətə etiraz nümayişi)

Digər tərəfdən, İtaliya və Albaniyanın miqrantlar məsələsində razılaşması da rəsmi Tirananın ittifaqa qoşulmaq ümidi fonunda baş verir. Razılaşmaya əsasən, İtaliyaya üz tutmuş 36 min miqranta öz şəhərlərində "müvəqqəti sığınacaq" verən Albaniya bunun qarşılığında İtaliyanın ittifaqda dəstəyini umur. Regionda artan anti-Aİ meyillərinə rəğmən, Albaniyanın və ya istənilən digər qeyri-ittifaq ölkəsinin "birləşmək arzusu", bəlkə də, gələcəkdə fərqli simaya malik "alternativ Avropa İttifaqı"nın formalaşacağının xəbərçisidir. Əlbəttə, miqrantların belə bir "mənfəət ticarəti"ndə alətə çevrilməsi Avropanın insan haqlarına münasibəti üzərində "sual buludları"nı daha da qatılaşdırır.

(Albaniyanın Baş naziri Edi Rama və italyan həmkarı Corca Meloni)

Məhz belə bir siyasi mühitdə Nikki Heylinin ABŞ-də prezident seçiləcəyi təqdirdə xarici siyasətdə nəsə fərqli addım atacağı ehtimalı haqqında danışmaq hələ tezdir. Hər halda, o bu yarışda təqribən eyni yanaşmanı bölüşdüyü Donald Trampa, eləcə də digər rəqiblərinə qarşı israrla mübarizə aparır. Hərçənd növbəti ştatlarda baş tutacaq ilkin seçkilərdə onun şansı çox azdır, amma xanım Heyli iyulda Respublikaçılar Partiyasının namizədi kimi qərarlaşacağına və prezidentlik yolunda addımlayacağına ümidlidir...

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   seçkilər   namizəd   NikkiHeyli   Avropa   Parlament   miqrasiya   İtaliya   Albaniya  





Xəbər lenti