Donald Tramp Desantisin dəstəyini aldı

   Donald Tramp  Desantisin dəstəyini  aldı
  22 Yanvar 2024    Oxunub:1241
Florida ştatının qubernatoru Ron Desantis respublikaçılar partiyasının namizədi kimi ABŞ prezidentliyi uğrunda seçki kampaniyasında mübarizəsini dayandırdığını açıqlayıb.
AzVision.az “Avropa həqiqəti” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Ron Desantis özünün “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı video-müraciət paylaşıb.

“Əlverişli bir nəticə qazanmaq üçün edə biləcəyim bir şey olsaydı - daha çox tədbir, daha çox müsahibə - mən bunu edərdim. Lakin, qələbəyə aparan dəqiq yolumuz olmadığı halda, tərəfdarlarımızdan könüllü şəkildə vaxtlarını ayırmalarını və resurslarını ianə vermələrini xahiş edə bilmərəm. Buna görə də bu gün kampaniyamı dayandırıram”, - Desantis deyib.

Donald Trampın indiki prezident Co Baydendən yaxşı olduğunu vurğulayan Florida qubernatoru birincinin namizədliyini dəstəklədiyini də bildirib.

- Mən respublikaçı namizədi dəstəkləmək vədinə imza atdım və bu sözə əməl edəcəyəm. Mən onu dəstəkləyirəm, çünki biz keçmiş köhnə respbulikaçı qvardiyaya və ya Nikki Heylinin təmsil etdiyi hərarəti həddindən artıq artmış korporativliyin yenidən formatlanmış variantına qayıda bilmərik” , - Florida qubernatoru vurğulayıb.

Conson: “Trampın prezidentliyi dünya üçün böyük qələbə olacaq”
Yeri gəlmişkən, iki gün əvvəl Böyük Britaniyanın keşmiş baş naziri Boris Conson Trampın ABŞ-nin prezidenti seçilməsinin dünya üçün böyük qələbə olacağını bildirib.

Donald Tramp Desantisin dəstəyini “böyük şərəf” adlandıraraq, bundan böyük qürur hissi keçirdiyini bildirib.

“Onun dəstəyinə sahib olmaqdan qürur duyuram. Mən Co Baydeni məğlub etmək üçün onunla işləməyi səbirsizliklə gözləyirəm”, - Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Ron Desantisin dəstəyindən ruhlanan Donal Trampın seçkiqabağı qərargahı “korrupsioner Co Baydeni məğlub etmək və onun qorxunc prezidentlik müddətinə son qoymaq üçün” bütün respublikaçıları Trampın ətrafında birləşməyə çağırıb.

Bundan başqa, Tramp Nyu-Hempşir ştatında tərəfdarları ilə söhbət zamanı Desantisi daha “Desantimonious” (ing. “sanctimonious” - riyakar, ikiüzlü) adlandırmayacağına söz verib. Onun iddiasına görə, bu ad rəsmi olaraq gündəmdən çıxarılıb.

Bir müddət əvvəl mediada yayılan məlumatlarda Tramp seçki kampaniyası zamanı diqqətini əsas hədəflərdən yayındırmamaq üçün Desantisi və ABŞ-nin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heylinin respublikaçılar partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizədən kənarlaşdırılmağa çalışdığı bildirilirdi.

Bu baxımdan, respublikaçıların Ayova ştatında keçirilən ilk kokuslarında 21% səs toplayaraq Trampdan sonra ikinci yeri tutan Desantisin birincinin xeyrinə mübarizəni dayandırmasını sabiq prezidentin arzusunun yalnız 50% yerinə yetməsi kimi qiymətləndirmək olar.

Belə ki, məhz Donald Trampın preizdentliyi dövründə ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi olmuş Cənubi Karolina ştatının sabiq qubrnatoru Nikki Heyli Nyu-Hempşir şataında seçicilərlə görüşdə əvvəlki şefinin qalib gələcəyi təqdirdə onun vitse-prezidenti olmaq perspektivini qəti şəkildə rədd edib.

“Donald Tramp respublikaçıların namizədliyini qazanacağı təqdirdə onun vitse-prezidentliyini qəbul etməyəcəyəm. Mən mübarizəni davam etdirəcəyəm və qalib gəlmək əzmindəyəm. Mən heç kimin vitse-prezidenti olmaq istəmirəm. Bu müzakirə edilmirr. Mən bunu həmişə demişəm. Onların oynadıqları oyundur, mən oynamayacağam” , - Nikki Heyli vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən Nyu-Hempşir ştatında respublikaçılar arasında “qızıl orta” əhval-ruhiyyəsi hökm sürür. Ona görə də, bəzi ekspertlər buradakı respublikaçıların ekssentrik siyasətçi olan Donald Trampdan daha çox Nikki Heylini dəstəkləməyə meylli olduqlarını iddia edirlər.

Amma seçici hüsn-rəğbətinin çox sürətlə dəyişən bir kəmiyyət olduğunu və ABŞ-da prezident seçkilərinə hələ 10 aydan da çox vaxt qaldığını nəzərə alsaq, yalnız bu ştatda yox, elə digər ştatlarda da gözlənilməz sürprizlərin nümayişi istisna deyil.

Maraqlıdır ki, Donald Tramp Nyu-Hempşirdə seçicilərlərlə görüşdə, yenidən prezident seçiləcəyi təqdirdə, hələ rəsmi qaydada bu postu tutmamış Rusiya-Ukrayna müharibəsini dayandıracağını bir daha bəyan edib.

“Mən hələ vəzifəmin icrasına başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni bitirəcəyik. Mən Putini yaxşı tanıyıram... Mən bilirəm Zelenski, biz buna son qoyacağıq”, - Donald Tramp tərəfdarlarının mitinqində deyib.

Bununla belə, ABŞ-nin keçmiş prezidenti bunun hansı yolla və prinsiplər əsasında, habelə necə bitirmək istədiyi barədə heç nə deməyib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Desantis  





Xəbər lenti