İtaliya və Albaniya miqrasiya sahəsində razılığa gəlib

   İtaliya və Albaniya miqrasiya sahəsində razılığa gəlib
  25 Yanvar 2024    Oxunub:1451
İtaliyanın Deputatlar Palatası sığınacaq müraciətləri üzrə prosedur çərçivəsində Albaniyanın miqrantların müvəqqəti qəbuluna dair sazişi təsdiqləyib.
AzVision.az xəbər verir ki, sözügedən razılaşma Baş nazir Corca Meloninin rəhbərliyindəki sağçı hökumətin miqrasiya yükünü Avropanın digər ölkələri ilə bölüşmək səylərinin nəticəsidir.

Parlamentin Deputatlar Palatasında keçirilən səsvermədə saziş 155 lehinə, 115 əleyhinə səslə təsdiqlənib. İki deputat isə bitərəf qalıb. Növbəti mərhələdə qanun layihəsi Meloni tərəfdarlarının üstünlük təşkil etdiyi Senatda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ötən ilin noyabrında Albaniyanın Baş naziri Edi Rama ölkəsinin 36 min miqrantı öhdəliyinə götürməsi, bu müddət ərzində İtaliyanın sığınacaq müraciətləri üzrə proseduru həyata keçirməsi planında Corca Meloni ilə razılığa gəlmişdi.

Belə bir razılıq, demək mümkündür ki, Aİ-yə qoşulmaq istəyən Albaniyanın onu bu çərçivədə dəstəkləyən İtaliyaya qarşı minnətdarlıq əlamətidir. Digər tərəfdən, Avropada miqrantlara qarşı artan ayrı-seçkilik fonunda İtaliyanın sığınacaq istəyənləri Aİ-dən kənar ölkəyə "tapşırması" maraq doğurur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Albaniya   İtaliya   miqrasiya   razılıq  





Xəbər lenti