Deputat: Avropa Məhkəməsi də AŞPA kimi davranır
Sözü gedən məhkəmədəkilərin də eynən AŞPA-dakılar sayaq davrandıqlarını təsdiqləyən sadəcə 2 faktı xatırlatmaq istəyirəm. Baxın, 2023-cü ilin sentyabrın 22-də Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin edəndən cəmisi iki gün sonra qərəzli qərar çıxaran bu məhkəmə “Çıraqovlar və digərlərinin Ermənistana qarşı” 2005-ci ilin aprelində verilmiş iddiaları ilə bağlı ancaq 10 il sonra 2015-ci ilin yayında hökm verdi. Özü də Minas Sərkisyan deyilən birinin bizim dövlətə qarşı qaldırdığı iddianın təmini ilə eyni gündə. Halbuki o, Çıraqovlardan düz 5 il 5 ay sonra şikayət ərizəsi göndərmişdi.
Hay girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin xanımları 2015-ci ildə onların adlarından sözü gedən quruma şikayət göndərsələr də, dözülməz və həyatları üçün təhlükəli bir şəraitdə saxlandıqlarından işlərinə prioritet əsaslarla, yəni sürətlə baxılmalı olduğu halda iki ildən sonra kommunikasiyaya başlanıldı. Kommunikasiya uzağı 3 il çəkməli idi, amma düz 6 il uzadıldı, sonra isə hay girovluğunda olanların doğmalarına özlərinin işi haqda şikayət üçün etibarnamə vermədikləri kimi cəfəng bir bəhanə gətirilərək iddiaları təmin edilmədi.
Üzvülərinin dördə biri sorosçulardan ibarət, az qala yarısı heç bir təcrübəsi olmadan birbaşa Avropa İnsan Haqları Məhkəməsinə hakim təyin edilənlər düşünmək belə istəmədilər ki, girovluqda olan, məktubları yoxlanan, bəziləri isə göndərilməyən o iki nəfər iddia qaldırmaq üçün xanımlarına necə etibarnamə verə bilərdilər? Əgər Dilqəmlə Şahbaz ikinci Qarabağ savaşında qazanılmış zəfər nəticəsində azad edilməsə idilər, Avropa İnsan Haqları Məhkəməsinə qalsaydı, indi də hay girovluğunda çürüyürdülər. Burada Azərbaycanın bir neçə tanınmış hüquqşünası əyləşib. Elə onlardan da soruşuram hüquqa yox, Avropa Birliyinə bossluq edənlərin təlimatlarına əsaslanan bir məhkəmənin yurisdiksiyası bizdə tanınmalıdırmı?
Sahib Alıyev, millət vəkili
AzVision.az