“Günahı olan cəzasını çəkməlidir” - Eldar Sabiroğlu

“Günahı olan cəzasını çəkməlidir” - Eldar Sabiroğlu
  25 İyun 2014    Oxunub:1174
“Haqqımda belə xəbərlərin yayılmasında KİV-ləri günahkar görmürəm. Onlar informasiyaları yaymaqda hər hansı bir qüsura da yol vermirlər. Onların peşəsi bundan ibarətdir”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri aktual.az-a Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu istintaqa çağırılması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. O qeyd edib ki, bəzi insanlar var, onlar kimlərinsə həbsxanaya atılmasından xüsusi zövq alırlar:

“Əgər günahı varsa, insan gedib cəzasını çəkməlidir. Yoxsa kiməsə böhtan atmaq düzgün deyil. Yanlış, böhtan və ictimai fikri çaşdırmaq üçün hansısa mənbənin mətbuata verdiyi məlumatların heç bir əsası yoxdur. Onların bəsit məntiqinə təəccüb edirəm”.

E.Sabiroğlu qeyd edib ki, heç bir istintaq orqanına dəvət olunmayıb:

“Heç bir istintaq orqanına dəvət olunub izahat verməmişəm. Heç bir faktı, hadisəni ictimaiyyətdən gizlətməmişəm. Bunu edə də bilməzdim. Çünki mənim üzərimdə nəzarət var idi. Müdafiə Nazirliyinin rəhbərliyi bunu xüsusi diqqətdə saxlayırdı. Fəaliyyət göstərdiyim 7 il müddətində Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi kimi Kütləvi İnformasiya Vasitələri ilə daim sıx əlaqədə olmuşam”.

Xatırladaq ki, mediada Eldar Sabiroğlunun cəbhə xəttində, əsasən isə, döyüş bölgəsində olmayan hərbi hissələrdə əsgər ölümləri ilə bağlı faktları mediadan gizlətməsi ilə bağlı istintaqa dəvət olunaraq ondan izahat alınması barədə xəbər yayıb.


Teqlər:





Xəbər lenti