İlham Əliyev: “Azərbaycanda siyasi məhbus yoxdur” - VİDEO
Prezident İlham Əliyev nitqini başa vurduqdan sonra sual-cavab başlayıb. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub. Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda “siyasi motivli həbslər aparıldığını” iddia edib. Prezident İlham Əliyev isə Maknamaraya sərt cavab verərək Azərbaycanda siyasi məhbusların olmadığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, ilk növbədə demək istəyirəm ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur: “Sizin dediklərinizin hamısı saxta məlumatlar üzərində qurulub və ya sizin ölkəmizə olan qərəzli münasibətinizə əsaslanır. İlk dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Amma indiyədək heç bir uğur qazanmamısınız. Kristofer Ştrasser də yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim edib. Lakin bu səyləri iflasa uğradı. Təəssüf ki, Azərbaycan məqsədyönlü təxribatların hədəfidir. Biz bunun mənbəyini və səbəblərini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu siyasi məsələdir”.
Dövlət başçısı Avropalı parlamentarilərə Qarabağ mövzusunda bir sıra ölkələrin tətbiq etdiyi ikili standartları xatırladıb. “Əgər xatırlayırsınızsa, burada, Avropa Şurasında Ermənistan prezidenti belə yolverilməz ifadə işlətdi ki, azərbaycanlılar və ermənilər etnik baxımdan birgə yaşaya bilməzlər. Bu, dəhşətlidir. Erməni vandalizmi davam edir. İki erməni dövlət ola bilməz. İlham Əliyev Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub və ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də fikirləşirlər ki, Minsk Qrupu onlar üçün ən yaxşı formatdır. Biz başa düşürük ki, münaqişənin həlli üçün Minsk Qrupundan başqa alternativ yoxdur. Amma onlar heç bir nəticə vermirlər. Fikirləşirəm ki, Avropa Şurası bu məsələyə daha aktiv yanaşmalıdır. Həmin Dağlıq Qarabağ münaqişəsilə bağlı komitənin bərpa olunması bu yolda vacib addım ola bilər.
Dövlət başçısı Ermənistan prezidentilə ötən ilin noyabrında Vyanada keçirilən son görüşün münaqişənin həllində müəyyən aktivlik yaratdığını da vurğulayıb. İlham Əliyev deyib ki, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır. “Biz bu mexanizmləri birlikdə hazırlamağı təklif edirik. Ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır. Biz ikili standartlardan uzaqlaşmalıyıq”
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


