Samir Şərifovun müavinləri – Onları da tanıyın!

Samir Şərifovun müavinləri – Onları da tanıyın!
  25 İyun 2014    Oxunub:18715
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə maliyyə naziri Samir Şərifovun müavinlərindən bəhs edəcəyik. 2006-ci ildən nazir postunda qərarlaşan S.Şərifovun cəmi 2 müavini var.

Onları tanıyaq:

Nazirin “sağ əli”



Maliyyə nazirinin birinci müavini İlqar Fəti oğlu Fətizadədir. Onunla bağlı məhdud məlumatlar əldə edə bilmişik.

Belə ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub. Ali Təhsillidir.

1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirib. 1978 - 1980-ci illərdə hərbi xidmətdə olub.

1980 - 1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində çalışıb. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən indiyədək Maliyyə nazirinin birinci müavinidir.
Ailəlidir. Bir övladı var.

Qeyd edək ki, bundan öncə İlqar Fətizadənin Hesablama Palatasına sədr təyin olunaacağı haqda mətbuatda xəbərlər gəzib dolaşırdı.

30 yaşında nazir müavini oldu



Azər Əziz oğlu Bayramov Samir Şərifovun ikinci və sonuncu müavinidir. O, 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını alıb. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.

1992 - 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997 - 1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olub.

2000 - 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Azər Bayramov Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.

Ailəlidir, iki övladı var.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti