Prezident avropalılarla şam etdi - Fotolar

Prezident avropalılarla şam etdi - Fotolar
  29 İyun 2014    Oxunub:1034
İyunun 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib.
Azərbaycan prezidenti əvvəlcə qonaqlarla söhbət edib. Sonra o, mərasimdə çıxış edib.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən qonaqlarla görüşdü, onlarla söhbət etdi. Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edərək dedi: "Mən sizi salamlamaq istərdim və ölkəmizə bir daha "Xoş gəlmisiniz!" deyirəm. Sizi Azərbaycanda qəbul etməkdən həqiqətən böyük şərəf və iftixar hissi duyuruq. Əminəm ki, ölkəmizə səfərinizi uzun illər xatırlayacaqsınız. Bu gün və sabah, eləcə də gələn bir neçə gün ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri, münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları müzakirə edəcəyik.
İndi isə mən digər mövzu, mədəniyyətimiz, irsimiz və adət-ənənələrimiz haqqında bir neçə söz söyləmək istəyirəm. Ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir.

Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi".
Prezident qeyd edib ki, müasirliyin rəmzi olan "Alov qüllələri" paytaxtımızın mərkəzində yerləşir. "Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz.

Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa rəyi vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək".

Dövlət başçısının sözlərinə görə, müstəqillik xalqımız üçün ən böyük dəyərdir: "Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməmişdir.
Mən sizə böyük uğurlar arzulayıram. Ümidvaram ki, səfərinizdən məmnun qalacaqsınız. Ümid edirəm ki, yenidən ölkəmizə səfər edəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı gələn ilin yayında ilk Avropa Oyunlarını keçirdiyimiz zaman ölkəmizə dəvət etmək və qonaqlarımız arasında görmək istəyirəm. Sizə xoş axşam arzu edirəm. Sağ olun".

Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Şam yeməyinin sonunda ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Qalereya




Teqlər:  





Xəbər lenti