Rəsul Quliyevdən gülünc iddialar

Rəsul Quliyevdən gülünc iddialar
  30 İyun 2014    Oxunub:1031
Açıq Cəmiyyət Partiyasından istefa verən müxalifətçi sabiq spiker Rəsul Quliyev Azərbaycanın görməkli sərkərdəsi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai ilə bağlı bəzi tarixi faktları təhrif edib.
AzVision.az-ın məlumatına görə, R.Quliyev Şah İsmayıl Xətainin Azərbaycanla bağlı olmadığını deyərək onun İran şahı olduğunu iddia edib.

Azərbaycan tarixinə qərəzli münasibət bəsləyən R.Quliyev həmçinin Şah İsmayılı bölgədə şiə təriqətini yaymaqda suçlayıb.

“Şah İsmail Xətaiyə gəldikdə, bəli, o tanınmış İran şahlarından biri olub. Əsas məqsədi şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görədə dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə Şah İsmail Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli Şərqin Napaleonu adlandırılan, həmdə min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şahda şiyələrlə sünnülərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmidən uzaqlaşmaq istəyib ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib”.

R.Quliyevin Şah İsmayılı İran sərkərdəsi kimi təqdim etməsi onun Azərbaycan tarixi ilə bağlı bilgilərinin hansı səviyyədə olmasından xəbər verir. Yəqin, R.Quliyev dünyanın Şah İsmayılı Azərbaycan sərkərdəsi kimi tanımasından bixəbərdir. Görünür uzun illərdir Amerikada yaşayan qocaman R.Quliyev orta məktəbdə Azərbaycan tarixini yaxşı oxumayıb.

Yaxud da hansısa çayxanada eşitdiklərini səhih informasiya kimi cəmiyyətə təqdim edir.

R.Quliyevin Şah İsmayılı sırf İran şahı kimi tanıntması absurd və gülünc doğurur.

Bu məsələyə bir qədər sonra qayıdacağıq. R.Quliyevin daha bir ilginc iddiasına nəzər salaq. O qeyd edir ki, guya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan daxil olmaqla Türkiyə Şah İsmayıla nifrət edir:

“Tarixi təhrif etmək olmaz. Şah İsmailin müsbət cəhətləri ilə yanaşı düzgün olmayan addımlarını da qeyd etmək hökmən lazımdır. Mən analiz verəndə Ərdoğanın gördüyü işlə Gülənin işlərini müqayisə etmişəm. Şah İsmail Xətayiyə gələndə Ərdoğan nəinki ona nifrət edir və hətta şiyələrin qırılmasında məmuniyyətlə iştirak edir”.

R.Quliyevə tarixi xatırlatma:

Azərbaycan Səfəvi dövlətinin başçısı olan Şah İsmayıl Xətai 1487-ci ildə Cənubi Azerbaycanın Ərdəbil şəhərində anadan olub.

O, 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Səfəvi Xətai bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır. Şah İsmayıl Azərbaycanı dünyada tanıdan hökmdar olub.

Göründüyü kimi Rəsul Quliyevin Şah İsmayıl haqda dedikləri tarixi təhrif etməkdən başda bir şey deyil.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti