AMEA-da seçki həyəcanı
AzVision.az xəbər verir ki, AMEA rəhbəri alimlərin əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür diqqətin göstərildiyini diqqətə çatdıraraq elmi ictimaiyyət adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edib ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini verəcək. AMEA prezidenti AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin ölkədə elmin gələcək inkişafında mühüm rol oynadığını bildirib.
Çıxışının sonunda akademik A.Əlizadə bu ilin sentyabr ayında akademiyanın təşkilatçılığı ilə Qafqazda ilk elm festivalının keçirilməsinin planlaşdırıldığını, ilin sonunda Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə başlanacağını da yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılıb, müvafiq komissiya və Rəyasət Heyəti tərəfindən müzakirə edilib.
Akademik yeni nizamnaməni elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib. Sənədin layihəsi ümumi yığıncaq tərəfindən bəyənilib və müvafiq qərarla qəbul edilib.
Müzakirəyə təqdim olunan növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək nəzərə çatdırıb ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulub: “Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir”.
Sonra sənəd ümumi yığıncağın qərarı ilə qəbul edilib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademikƏhliman Əmiraslanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, akademik İ.Həbibbəyli isə Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun yaradılması zərurətindən danışıblar.
Yığıncaqda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsidir ki, hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır.
AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb.
Qeyd edək ki, AMEA-nın həqiqi üzvlüyünə 21, müxbir üzvlüyünə isə 53 vakant yer var.
Hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır.
Seçkilərin nəticələri yaxın saatlarda məlum olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


