İsa Qəmbərin müşaviri gah nala vurdu, gah mıxa – Müsahibə

İsa Qəmbərin müşaviri gah nala vurdu, gah mıxa – Müsahibə
  01 İyul 2014    Oxunub:990
“Qurultayı mütləq keçirəcəyik, ya şadlıq sarayında, ya da qərargahda...”
AzVision.az-ın suallarını Müsavat başqanının müşaviri Səxavət Əlisoy cavablandırıb.

- Bildiyimiz kimi, Müsavat Partiyası qurultay üçün yeni vaxt təyin etdi. Siz çıxışlarınızda partiyanı bu məsələ ittiham edərək bildirirdiniz ki, bəzi şəxslər qurultay keçirməkdə maraqlı deyillər. Bəs, bu dəfə necə Müsavatı qurultay qərarı inandırıcı görünür?

- Məclisin sonuncu toplantısında dəqiq qərar qəbul edildi ki, sentyabrın 27-də partiyanın qurultayı keçirilsin. Bəzi opponentlər bunu normal saymırdılar. Onlar qurultayın keçirilməsini gərəksiz bir şey hesab edirdilər, amma nəhayət ki, məntiqli qərar veridli ki, qurultay keçiriləcək. Mən orada çıxışımda da qeyd etdim ki, Müsavat Partiyası demokratik ənənələrə sadiq qalmalıdır. Bu, Azərbaycanda demorkatiyanın oturuşması üçün vacibdir. Müsavat Partiyasının başqanı İsa Qəmbər də Məclisin toplantısında çıxış edərkən açıq şəkildə bəyan etdi ki, qurultay keçiriləcək və bu qurultay hesab edirəm ki, Azərbaycan siyasi həyatında hadisəyə çevriləcək.

- Qurultay üçün bir neçə dəfə vaxt təyin edilsə də, baş tutmamışdı. Bunun partiya haqqında qeyri-ciddi fikir formalaşdırdığı deyilir. Sizcə, qurultay məsələsi Müsavatın imicinə xələl gətirmir?

- Vaxt təyin edib qurultayı zaman-zaman təxirə salmaq Azərbaycan cəmiyyətində normal qarşılanmır. Bunu qeyd etmək lazımdır ki, həqiqətən də partiya haqqında qeyri-ciddi fikir formalaşır. Biz də bunu dərk edirik. Qurultayın keçirilməsi haqqında yekun qərarın verilməsi də məhz cəmiyyətin gözləntisinə görədir.

Qeyd etdiyim kimi son qərar verilib, sentyabrın 27-də qurultay keçiriləcək. Əgər bu dəfə də vaxt dəyişdirilsə, Müsavat Partiyası bundan çox ciddi zərbə alacaq.

- Bakı şəhər İcra Hakimiyyəti Müsavata şadlıq evlərindən birində qurultay keçirməyi məsləhət görmüşdü. Şənbə günü baş tutan toplantıda bu məsələ müzakirə edildimi?

- Qurultayın şadlıq sarayı və digər yerlərdə keçirilməsi məsələsi müzakirə olunmayıb. Bu gün Azərbaycanda özünü müxalif düşərgədə bilən partiyaları BŞİH-in Müsavata yer verməməsini ironik dəyərləndirməsi məsləhət deyil. Müsavat istənilən məkanda qurultay keçirmə iqtidarındadır, partiyanın siyasi fəalları buna imkan verir. Əgər Müsavat Partiyasına 800-1000 nəfərlik yer verilsəydi və partiya qurultayı keçirməsəydi onda tənələri haqlı saymaq olardı. Yalnız onda qəbul edərdik ki, biz qurultay keçirməkdə maraqlı deyilik. Amma biz, partiya başqanının da dediyi kimi ən azından qərargahımızda da olsa qurultayı keçirməkdə israrlıyıq.

-Bəs, partiya üzvləri bildirirdilər ki, qurultay üçün şadlıq sarayı axtarışındadırlar?

-Xeyir, bu məsələni müzakirə etməmişik.

- Sentyabr toyların çox olduğu aylardan biridir və buna görə də şadlıq evlərində yer tapmaq çətin ola bilər. Partiya niyə bu işlə indidən məşğul olmur?

- İndidən maraqlanmağa ehtiyac yoxdur. Biz də bunu hesablayırıq ki, partiyanın qurultayını zərbə altında qoya bilərik. Amma qurultay heç bir halda təxriə salınmayacaq. Ən pis halda partiyanın qərargahında bu, baş tutuacaq.

Xatırladaq ki, S.Əlisoy bundan öncə isə Müsavatın qurultayı barədə kəskin çıxışlar edirdi. Hazırda partiyanın qərarını alqışlayan S.Əlisoy bundan öncəki açıqlamalarında qurultayın gecikməsində başqan İsa Qəmbəri ittiham edirdi:

“Müsavata üzv olmaq heç də o demək deyil ki, hamı eyni vaxtda eyni mahnını oxumalıdır. Qurultay üçün yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır. Müsavat rəhbərliyinə sual ünvanlayıram ki, biz istədiyimiz, məqbul saydığımız yer verilməsə, biz nə etməliyik?. 2014-cü ilin artıq yarısı bitib, bu il də, gələn il də yer ayrılmasa, onda hansı addımı atmalıyıq? Bununla da yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır?”.

Bu, futbol üzrə dünya çempionatı və ya “Avroviziya” keçirmək deyil ki, çox ciddi texniki hazırlıq lazım olsun. Qurultayın nümayəndələri bəllidir, konfranslar keçirilib və burada texniki baxımdan hər hansı bəhanə gətirmək qəbulolunmazdır. Faktiki olaraq kimin udub-udacağı bəlli deyil, amma proqnozlaşdırmaq olur ki, burada udan Müsavat olmayacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti