`Korrupsiya ilə mübarizə prioritet olacaq`

`Korrupsiya ilə mübarizə prioritet olacaq`
  01 İyul 2014    Oxunub:869
“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans başa çatıb.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov əvvəlcə Baş prokorur yanında Korrupsiya ilə Mübarizə İdarəsinin yaradılması və onun fəaliyyəti barədə məlumat verib. O vurğulayıb ki, iki gün davam edən beynəlxalq konfrans bunu sübut etdi ki, korrupsiyanın qarşısının alınması və onunla mübarizə üçün çoxşaxəli yanaşma lazımdır:

“Bunun üçün beynlxalq səviyyədə əməkdaşlıq tələb olunur. Prezident İlham Əliyev də bu sahədə təcrübənin öyrənilməsinin beynəlxalq əməkdaşlığın mühüm bir qolu olduğunu vurğulayıb. Əminəm ki konfransda səslənən fikirlər və aparılan fikir mübadilələri korrupsiya ilə mübarizədə öz töhfəsini verəcək”.

Baş prokuror həmçinin vurğulayıb ki, konfransın yekunları barədə nəşr toplusu hazırlanacaq və məruzələr bu topluya daxil edilərək konfrans iştirakçılarına göndəriləcək.

Daha sonra Avropa Şurasının İnsan hüquqları və hüquq məsələləri idarəsinin baş direktoru Filip Buo çıxış edib və konfransla bağlı fikirlərini bölüşüb. Sonda konfransın yekunları ilə bağlı mətbuat konfransı keçirilib və Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, iki gün ərzində davam edən konfrans Azərbaycanın Avropa Şurası ilə keçirəcəyi tədbirlərin ən mühümlərindəndir:

“Prezident İlham Əliyev də çıxışında qeyd etmişdi ki, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi müddətində korrupsiya ilə mübarizə sahəsi prioritet olacaq. Konfransın nəticələrini qənaətbəxş hesab etmək olar. Konfrans iştirakçıları yüksək səviyyədə iştirak etdi, bura qatılan ölkələrin bəzilərinin baş prokurorları, baş prokuror müavinləri iştirak edridi”.

K.Əliyev vurğulayıb ki, Avropa Şurası ölkələrinə imkan yaradıldı ki, bu quruma daxil olmayan ölkələrin təcrübəsi iə tanış olsunlar:

“Eyni zamanda iştirakçı ölkələrə də imkan yarandı ki, Avropa təcrübəsi ilə tanış olsunlar”.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov isə konfransa iştirak edənlərin “ASAN xidmət” layihəsini müsbət qiymətləndirdiyini diqqətə çatdırıb.

“Konfrans iştirakçıları xüsusilə “ASAN xidmət” layihəsini müsbət qiymətləndirdilər. Bildiyiniz kimi Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edəcəyimiz müddətdə korrupsiyaya qarşı mübarizə prioritet sahə olacaq. Buna görə belə tədbirlər mühüm əhəmiyyət daşıyır”.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti