TQDK sabah da imtahan keçirəcək

TQDK sabah da imtahan keçirəcək
  02 İyul 2014    Oxunub:781
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il iyulun 3-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahan keçirəcək.
TQDK-dan bildiriblər ki, “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2014-cü il mayın 4 – də keçirilib.

Həmin imtahanda 7927 abituriyent iştirak edən, onlardan 7211 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.

Qəbul qaydalarına əsasən, mayın 4-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 3-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

İmtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11-də başlanacaq.

İmtahanda 1216 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 725 nəfəri oğlan, 491 nəfəri qızdır. 842 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 374 nəfər isə əvvəlki illərin məzunlarıdır. 11 abituriyent ali təhsil müəssisələrinin məzunları, 60 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. 49 nəfər isə xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-cu il təvəllüdlüdür.

İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 98 nəzarətçi müəllim ayrılmışdır.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti