Almatı platforması daha uğurlu ola bilər - TƏHLİL

   Almatı platforması daha uğurlu ola bilər  - TƏHLİL
  03 May 2024    Oxunub:3362
Cənubi Qafqazda yaşanan son hadisələr fonunda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində müzakirələrin aparılması üçün yeni bir meydançanın – Almatı platformasının formalaşması gündəmə gəlib. Bir sıra məqamlar məhz bu platformanın indiyədək mövcud olan meydançalardan daha uğurlu ola biləcəyi ehtimalını gücləndirir.
Hər şey sərhəddən başlayır
Ermənistan hakimiyyəti hətta ölkə daxilindəki radikalların etiraz aksiyalarına və təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın Qazax rayonuna məxsus olan 4 kəndin qaytarılması yönündə konkret addımlar atır. Bununla da Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası prosesinə başlanılıb. Ən maraqlısı isə budur ki, bu müstəvidə Azərbaycanla Ermənistan arasında razılaşma ikitərəfli qaydada, yəni uzun illərdən bəri regionda bütün hadisələrə bu və ya digər şəkildə müdaxilə etməyə çalışan vasitəçilərsiz əldə olunub.

Bununla belə, mövcud reallıqla barışmaq istəməyən Ermənistandakı revanşistlər və onların xarici havadaraları prosesi əngəlləmək üçün müxtəlif təxribatlar törətməyə çalışırlar. Amma hadisələrin gedişatı onların bu cəhdlərinin tamamilə iflasa uğrayacağından xəbər verir.

“Ermənistan” müxalif partiyasının parlamentdəki fraksiyasının Azərbaycan-Ermənistan sərhədlərinin 1993-cü ildəki vəziyyət çərçivəsində demarkasiya və delimitasiyası barədə qanun layihəsini plenar iclasa müzakirəyə çıxarmaq cəhdinin də bloklanması bunu əyani şəkildə sübuta yetirir.

Beləliklə, bütün təxribatlara baxmayaraq, həmin ərazilərin delimitasiyası üzrə nəzərdə tutulan işlərin artıq yarıdan çoxu görülüb. Ermənistanın baş naziri Nikol Paşinyan isə hazırda sözügedən ərazidə sərhədin müəyyənləşdirilməsi işləri başa çatdıqdan sonra, cari prosesin təcrübəsi nəzərə alınmaqla iyulun 1-dək Azərbaycan-Ermənistan ikitərəfli komissiyasının növbəti addımlar üçün iş reqlamentinin müəyyənləşdiriləcəyini açıqlayıb. Bu əslində artıq başlamış prosesin dönməzliyi barədə etirafdır.

Sərhəd delimitasiyasından yeni plarformaya

Sərhədlərin delimitasiyası prosesinin başlaması öz növbəsində Azərbaycan-Ermənistan sülh müqaviləsinin ərsəyə gəlməsinə ciddi zəmin yaradır. Bu baxımdan, danışıqların yeni bir meydançasının - Astana plotfarmasının gündəmə gəlməsi son həftənin ən maraqlı hadisələrindən biridir.

Qazaxıstan prezidenti Kasımjomart Tokayev üç həftə əvvəl Ermənistana rəsmi səfəri zamanı belə bir təklif irəli sürsə də, rəsmi İrəvan buna müsbət cavab verməyə tələsmədi. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə telefon danışığında sülh sazişi layihəsini müzakirə etmək üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Almatıda görüşəcəyini vurğulayandan sonra erməni tərəfi də buna razı olduğunu açıqladı.

Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsində yeni meydançanın – Astana pıatformasının yaradılmasını rəsmi Bakının böyük diplomatik uğuru kimi qiymətləndirmək olar. Bununla indiyədək mövcud olan platformaların daha çox bir-biri ilə rəqabət apardığını və əsas işin bir növ yaddan çıxarıldığını diqqətə çatdıran Azərbaycan, bu prsosedə yeni bir nəfəsliyin açılmasının vacibliyini ortaya qoyub.

Məntiqi baxımdan, sülh sazişi üzrə danışıqlar prosesi üçün Almatı platforması indiyədək mövcud olan meydançalardan bir neçə önəmli məqamla fərqlənir.
1. Digər platormalara ev sahibliyi edən dövlətlər və təşkilatlar danışıqlar prosesindən mütləq özləri üçün müəyyən geosiyasi və geoiqtisadi dividendlər qaznamağa cəhd göstərdikləri halda, Qazaxıstan belə məqsəd gedmür;
2. Digər meydança sahibləri vasitəçi statusunda çıxış etdirlərsə, Qazaxıstan yalnız təşəbbüskar olduğunu və danışıqların yalnız ikitərəfli qaydada aparılacağını vurğulayır;
3. Qazaxıstan Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatının, Ermənistanla isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu baxımdan, onun digər vasitəçilərdən fərqli olaraq bu və ya digər şəkildə tərəf tutmayacağı şübhə doğurmur. Ərazi bütövlüyü məsələsində isə Qazaxıstanın daim beynəlxalaq hüquq normalarına prinsipial mövqe sərgiləməsi bunun əyani sübutudur.
4. Almatı platformasının formalaşdırılması həm də tarixi-suyasi nöqteyi-nəzərdən məntiqə uyğundur. Belə ki, 11 postsovet respublikası bir-birlərinin ərazi bütövlüyünün mövcud sərhədlər çərçivəsində tanınması barədə Bəyannaməni 1991-ci ilin dekabrında məhz Alma-Atada imzalayıblar. Azərbaycan və Ermənistan da həmin Bəyannaməyə əsasən belə öhdəlik götürüblər.
5. 2022-ci il oktyarbrın 6-da Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Fransa prezidenti Emmanuil Makronun iştirakı ilə Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev əv Ermənistanın baş naziri Nikol Paşinyan bir-birinin ərazi bütövlüyü və suverenliyi məsələsində ölkələrin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.


Yalnız ikitərəfli razılaşma əsasında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası posesinin başlanması bir daha sübut edir ki, məhz vasitəçilərin müəyyən dividendlər qazanmaq cəhdləri indiyədək mövcud olan platformalarda konkret qərarların qəbul edilməsini əngəlləyib. Yeri gəlmişkən, hətta indinin özündə belə bəzi regiondan kənar dairələr bulanıq suda balıq tutmaq sevdasından əl çəkmirlər.

Həmin qüvvələrin oyunlarını Almatı platforması çərçivəsində əldə olunan uğurlar iflasa uğrada bilər. Bu platformada konkret nəticələrin əldə ediləcəyi isə şübhə doğurmur.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Almatı   platforma  





Xəbər lenti