Şeyx vəhabilərə görə dünyaya müraciət etdi

Şeyx vəhabilərə görə dünyaya müraciət etdi
  03 İyul 2014    Oxunub:920
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İraq hadisələri ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QMİ-dən verilən məlumata görə, müraciət dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara ünvanlanıb. Gözlərimiz qarşısında İraq torpağında cərəyan edən dəhşətli cinayətlər, insan qətlləri bizi hədsiz narahat edir.

Müraciətdə deyilir:

“İraqda baş verənlər olduqca təhlükəli təzahürdür. Hesab edirik ki, bu, nəinki müsəlmanlara, habelə bütün bəşəriyyətə qarşı yönəlmiş təxribatdır, belə ki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət kimi dəyərləndirir. Burada məqsəd, bəşər ailəsində çaxnaşma və nifaq salmaq, insanlar arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır”.

Müraciətdə daha sonra bildirilir: “Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların ciddi-cəhdlə müəyyənləşdirilərək beynəlxalq məhkəmələrdə mühakimə olunmalarını təmin etməyə çağırır”.

Təhlükənin ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui-istifadə edənlərdən, dini ehkamları təhrif edənlərdən qaynaqlandığının vurğulandığı müraciətdə bildirilir:

“Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz. Əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyildir. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyən qüvvələrin əməlidir. Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyatı yoxdur.

Qafqaz Müsəlmanları İdarəsi dünya müsəlmanlarını diqqətli olmağa, sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa çağırır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti