Həbsdə olan Mirqədirovdan yeni xəbər

Həbsdə olan Mirqədirovdan yeni xəbər
  03 İyul 2014    Oxunub:954
Həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar olaraq Avropa Məhkəməsinə müraciət ediləcək.
Bu barədə Anspress-ə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib. O qeyd edib ki, Appelyasiya Məhkəməsinin ilkin qərarını aldıqdan sonra Avropa Məhkəməsinə müraciət ediləcək:

“Mirqədirovun işi ilə əlaqədar olaraq bizim iki appelyasiya şikayətimiz olub. Şikayətin biri Mirqədirov Türkiyədə pozulan hüquqlarının müdafiəsi ilə əlaqədar olub. Digəri isə Mirqədirovun yaxınları ilə görüşməsi və telefonla danışığına icazə verilməsi ilə əlaqədar olub. Bunların heç birinə icazə verilməyib. Azərbaycan qanunvericiliyinə əsasən Appelyasiya Məhkəməsinin qərarı belə məsələlərdə son qərar hesab edilir. Bundan sonra Ali Məhkəməyə şikayət vermək olmaz. Biz bu qərarları əldə edib Avropa Məhkəməsinə şikayət vermək istəyirik. Əfsuslar olsun ki, Bakı Appelyasiya Məhkəməsi bu iki qərarın heç birini indiyə qədər bizə təqdim etməyib. Bu qərarların bizə təqdim olunması üçün Appelyasiya məhkəməsinə yenidən müraciət etdik”.

Jurnalistin vəkili R. Mirqədirovun rəhmətə gedən atasının “40 mərasimin”də iştirak etməsi ilə bağlı Baş Prokurorluğa göndərdikləri müraciətdən də danışıb. O bildirib ki, Mirqədirovun həmin dini mərasimdə iştirak etməsi ilə bağlı edilən müraciətə hələ cavab verilməyib: “Yəqin sabah bir məlumat verilər”,- deyə vəkil qeyd edib.

Qeyd edək ki, sabah Mirqədirovun atasının “40 mərasimi”dir.

Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.


Teqlər:





Xəbər lenti