Güney Qafqaz: Təhlükəsiz gələcək necə qurula bilər

      Güney Qafqaz:    Təhlükəsiz gələcək necə qurula bilər
  09 May 2024    Oxunub:2957
Avropada Monako və Lixtenşteyn kimi 40 min əhalisi olan kiçik dövlətlər var. Onlar dünyanın ən təhlükəsiz, varlı və əhalisi xoşbəxt olan dövlətlərindəndirlər. Almaniya, Fransa, İngiltərə, İspaniya, Portuqaliya, eləcə də digər imperiya tarixli dövlətlərin olduğu, bu gün də təxminən bənzər siyasət aparılan məkanda belə varlı, gözəl mənzərəli, işgüzar əhalisi olan iki dövlətin mövcudluğu dünyanın çox yerlərində təəccüb yarada bilər.
300-dən çox etnosun mövcud olduğu Qafqazda sayı təxminən 2 milyon olan çeçen, avar xalqları var. İnquşların və ləzgilərin sayı təxminən 1 milyon həndəvərindədir, amma dövlətləri yoxdur, Rusiyanın tərkibində yaşayırlar. Qafqaz əhalisinin yarıdan çoxunun yaşadığı Cənub hissəsində 3 dövlət var - Azərbaycan, Gürcüstan, Ermənistan. Bu dövlətlərin başında vaxtaşırı qalmaqal olub. 1918-ci ildə Çar Rusiyası Lenin Rusiyasına çevrilən ərəfədə Azərbaycan, Gürcüstan və Ermənistan onun tərkibindən aralandılar. O zaman hər üç dövlət müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkirdi. Azərbaycanlılar “Qafqaz federasiyası” ideyasını ortaya atdılar, gürcülər də dəstəklədi, amma ermənilər razılaşmadılar. Sonra bu ideya müxtəlif variantlarda yenidən gündəmə qayıtdı.

Cənubi Qafqazda ən çox müzakirə olunan mövzu təhlükəsizlikdir. Regiondaxili təhlükəsizlik problemi 1918-ci ildə ermənilərin davranışı ilə bağlı olub. SSRİ dağılan ərəfədə - 1988-ci ildə də belə idi. Avropa Parlamentinin 1987-ci ildəki qətnamələrinə baxın, ABŞ konqresinin 1989-cu ilin iyun və noyabr qətnamələrinin mətni ilə tanış olun. Belə mənzərə yaradılır ki, Azərbaycan təkcə Ermənistanı yox, Gürcüstanı da “blokadaya” alıbmış, təkcə erməniləri yox, yəhudiləri də “qırırmış”. Gürcüstan necə blokadaya alına bilər? Onun coğrafi olaraq həm Rusiyaya, həm də Avropaya çıxışı var. Təkcə bu misallar Avropanın hansı məlumatlarla “qidalandırıldığını” aydın göstərir.

Cənubi Qafqazda hər şey regional inteqrasiyaya xidmət etməlidir. Kənar qüvvələrin iştirakına son qoyulmalıdır. 3 dövlətin özünü təmin etməsinə, təhlükəsizliyinə imkan yarada bilən inteqrasiya modeli tapılmalıdır.

Regionda ən çox vəsait təhlükəsizliyə xərclənir. Azərbaycanın erməni işğalının nəticələrinin aradan qaldırılması üçün xərclədiyi vəsait 100 milyard dollara yaxınlaşır. Azərbaycanın təhlükəsizliyinin təmin olunmasının əsasında silah yox, dövlət başçısının apardığı siyasət durur. Gürcüstanın da təhlükəsizlik parametrində siyasət vacib rol oynayır. Gürcüstan Türkiyə və Azərbaycanla təhlükəsizlik konfiqurasiyası qurdu. Ermənistan isə Rusiyadan vəsaitlər alıb, Azərbaycanın torpaqlarını işğal etdi, ara-sıra gürcüləri də hədələdi. İndi İran-Ermənistan dueti region üçün böyük təhlükə mənbəyidir. İrəvanın kənardan təhlükəsizlik müttəfiqi axtarması region üçün ciddi təhdiddir.

Regionun əvvəlcə iqtisadi, sonra siyasi inteqrasiyası çox vacibdir. Əks təqdirdə bölgə üçdövlətli olmaya bilər. Hazırda Ermənistan Rusiyadan əl çəkib, Avropaya doğru üz tutub. Avropa Ermənistanın yalnız regional inteqrasiyaya xidmət edən ideyalarını dəstəkləməlidir. Başqa variantlar Avropanın iştirakı ilə yeni təhlükə mənbəyinin yaranması demək olacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Qafqaz  





Xəbər lenti