Deputatların ilk iş yerləri: fəhlə, usta, sex rəisi...

Deputatların ilk iş yerləri: fəhlə, usta, sex rəisi...
  03 İyul 2014    Oxunub:2123
İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər prezident olasan, istər nazir, istərsə də adi vətəndaş...

AzVision.az məşhurların “İlk iş yerləri” adlı rubrikanı davam etdirir. Bu dəfə Milli Məclisin üzvlərinin ilk işlərindən bəhs edəcəyik.

Hazırda millətin vəkilliyi işini yerinə yetirən, Milli Məclisin müxtəlif ölkələrlə dostluq qruplarının üzvü kimi Azərbaycanı xarici ölkələrdə təmsil edən parlemantarilərin kariyerası necə başlayıb? İlk maaşlarını hansı işdən qazanıblar?

İyerarxiyanı pozmayaq, başlayaq Milli Məclisin sədri Oqtay Əsədovdan.

O, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Oqtay Əsədovun ilk iş yeri Bakı Məişət Kondisionerləri zavodu olub. 1976-cı ildən burada çalışmağa başlayan parlament sədrinin ilk işi usta köməkçisi olub. Daha sonra isə o, fəaliyyətini usta kimi, 1979-cu ildən etibarən isə Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi kimi davam etdirib.

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun əmək fəaliyyəti haqqında bioqrafiyasında ətraflı məlumat yer almayıb. Sədr müavini Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri namizədi, professordur.

Milli Məclisin sədrinin digər müavini Bahar Muradova isə əmək fəaliyyətinə tikiş fabrikində başlayıb. Belə ki, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirən xanım parlamentari elə həmin il Bakı 1 saylı tikiş fabrikində tikişçi-nəzarətçi kimi işə düzəlib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. Əməkdar mühəndis olan V.Ələsgərov 1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi və baş mühəndis vəzifələrində çalışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin əmək fəaliyyəti ilə bağlı ətraflı məlumata rast gəlmədik. Vikipediadakı məlumata görə, komitə sədri Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ali Məhkəmədə və Prezidentin İcra Aparatında işləyib. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilən Əli Hüseynli Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədridir.

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb və elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.

Komitə sədri 1976-1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub.

Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov əmək fəaliyyətinə Naxçıvan tikinti idarəsində başlayıb. 1963-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirib. 1963-cü ildən istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib.

Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin isə ilk işi fəhləlik olub. Belə ki, Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirən millət vəkili 1963-cü ildən işləməyə başlayıb. Lənkəran çörək zavodunda işə düzələn H.Rəcəbli burada fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib

Regional Məsələlər Komitəsinin sədri Arif Rəhizmadə kariyerasına elmi işçi kimi başlayıb. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri namizədi olan A.Rəhimzadə 1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olub.

Elm və Təhsil Komitəsi Şəmsəddin Hacıyev əmək fəaliyyətinə iqtisadçı kimi başlayıb. Belə ki, D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olan millət vəkili 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilib.

Əmək fəaliyyətinə elmi işçi kimi başlayan daha bir millət vəkili Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovdur. O, 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müəllimi, professoru, filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb.

Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi Səməd Seyidov Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü olan deputat karierasına 1986-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant işləməklə başlayıb. Sonralar həmin institutda baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

İnsan Hüquqları Komitəsi Rəbiyyət Aslanova Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Onun əmək fəaliyyəti isə 1978-ci ildən Azərbaycan Dövlət Universitetində assistentliklə başlayıb. Daha sonra universitetdə baş müəllim, dosent vəzifələrində çalışıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti