6540 nəfər dövlət qulluqçusu olmaq istəyir

6540 nəfər dövlət qulluqçusu olmaq istəyir
  04 İyul 2014    Oxunub:687
Komissiya tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 89 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 925 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 13 iyun tarixdə elan olunan müsabiqə istisna olmaqla, digər müsabiqələrdə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6540 namizədin 33,91%-ni qadın namizədlər, 75,23%-ni isə gənclər təşkil edib. Namizədlərdən 34,68%-i (2268 namizəd) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 4272 namizəddən 1298 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub. 245 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə etmişdir. Onlardan da yalnız 99-u bu hüquqdan istifadə edib.

Test imtahanı mərhələsini uğurla keçən 1298 nəfərdən 28,51%-ni qadın namizədlər, 77,97%-ni isə gənclər təşkil edib.

Hər bir namizədə test imtahanını bitirən kimi dərhal nəticələri əks etdirən arayış təqdim edilmiş, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

- Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 790 namizəddən 203 nəfəri;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış 407 namizəddən 70 nəfəri;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – qeydə alınmış 229 namizəddən 66 nəfəri;
- İqtisadiyyat və Sənaye Nazirliyi – qeydə alınmış 610 namizəddən 63 nəfəri;
- Nəqliyyat Nazirliyi – qeydə alınmış 238 namizəddən 53 nəfəri;

Müsabiqənin müsahibə mərhələsi 12 iyun 2014-cü il tarixdə başlamışdır. İndiyə kimi müsahibədə iştirak etmiş 131 namizəddən 43 nəfəri bu mərhələdən də uğurla keçmişdir. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 11 dövlət orqanı üzrə başa çatıb.

Komissiya tərəfindən 13 iyun tarixdə elan olunmuş müsabiqə üzrə isə qeydiyyat iyul ayının 14-nə kimi davam edəcək.


Teqlər:





Xəbər lenti