“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib
  21 May 2024    Oxunub:1081
Məlum olduğu kimi, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2023-cü il dekabrın 26-da qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il yanvarın 25-də imzalandıqdan sonra qüvvəyə minib.
BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) Qanunun arbitraj sahəsində sınaqdan keçmiş, işlək və mütərəqqi beynəlxalq təcrübəni əks etdirən Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna uyğun olduğunu təsdiqləyib.

Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanun beynəlxalq arbitraj sahəsində vahid standartların müəyyən edilməsi və qanunların harmonikliyində aparıcı rola malik olan və qlobal səviyyədə tanınan aktdır. Arbitrajı mübahisələrin həlli vasitəsi kimi təşviq edən UNCITRAL Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanunun əsasında müvafiq qanunlar qəbul edilmiş ölkələrin siyahısını dərc edib. UNCITRAL-ın veb-səhifəsində yerləşdirilən məlumata əsasən, hazırda dünyanın 91 ölkəsinin arbitraja dair qanunvericilik aktları Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna əsaslanır. UNCITRAL-ın “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun müfəssəl və uzunmüddətli təhlilindən sonra Azərbaycan Respublikası və adıçəkilən Qanun da bu siyahıda yer alıb.

Qeyd edək ki, arbitraj tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yoludur. “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu tərəflərə imkan verir ki, onların kommersiya mübahisələrinə dövlət məhkəmələri deyil, arbitr qismində çıxış edən üçüncü şəxslər baxsınlar. Arbitraj tərəflərin razılığına əsaslanan bir icraatdır və mübahisə tərəfləri arbitrləri öz iradələri əsasında seçirlər. Digər sözlə, tərəflər arasında mübahisəyə onların şəxsən seçdikləri, müstəqil, qərəzsiz və zəruri bilik və bacarıqlara malik arbitrlər baxırlar və onların qəbul etdiyi qərarlar həmin tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olur. “Arbitraj haqqında” Azərbaycan Respublikasının yeni Qanunu da məhz arbitraj vasitəsilə həll olunan mübahisələrə dair qərarların dövlət tərəfindən tanınması və icrası üçün zəruri mexanizm müəyyən edir.

Hesab edilir ki, mübahisələrin məhkəmədənkənar həlli məhkəmələrin iş yükünün azalmasına, kommersiya məhkəmələri ilə arbitraj təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər. Eyni zamanda, irihəcmli, xüsusilə də investisiyalarla bağlı mübahisələrin həlli formatı kimi arbitraja üstünlük verildiyi üçün Qanunun qəbul edilməsinin Azərbaycanda biznes və investisiya mühitinin əlverişliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti