“Sovetski”dən böyük köç başladı

“Sovetski”dən böyük köç başladı
  04 İyul 2014    Oxunub:973
Köçürmə Komissiyanın sədri: “Evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb”
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

S.İslamov son 2 həftə ərzində müraciət edənlərin sayının əvvəlki aylarla müqayisədə xeyli artdığını qeyd edib. Onun sözlərinə görə, indiyədək 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb: “Köçmək üçün müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki, Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma protokolu imzalanmışdı. Sənədlərində kiçik çatışmazlıqlarla bağlı müraciət edənlərin də sayını nəzərə alsaq, dünən Komissiya 150 nəfəri qəbul edib, gecə saat 23:00-a qədər işləyib. Çünki qarşımıza məqsəd qoymuşuq ki, müraciət edənlərin hamısını qəbul edək”.

Komissiya sədri nəzərə çatdırıb ki, köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

S.İslamov söküntü ərazisinə düşən 3440 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, söküntü işlərinin də intensivləşdiyini söyləyib: “Əgər iyunun 30-da sökülən mənzil və qeyri-yaşayış sahələrinin sayı 408 idisə, bu gün onların sayı 523-ə çatıb. Söküntü ilə bağlı Maliyyə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət qruplar yaradılıb. Ödəniş almış mənzil və qeyri-yaşayış sahələrinin sahibləri əvvəlcədən söküntünün aparılacağı vaxtdan xəbərdar olurlar. Həmin insanlara nəzərdə tutulmuş 2 aylıq kirayə pulları da verilir. Eyni zamanda söküntüdən 2 gün əvvəl də xəbərdarlıq edilir, vaxtı çatanda elektrik, su və digər kommunikasiya xətləri ayrılır, söküntü işlərinə başlanılır. Bu işə xüsusi briqadalar cəlb edilib. Söküntü zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir, təhlükəsizliklə bağlı söküləcək mənzil və qeyri-yaşayış sahələrinin ətrafında çəpərləmə işləri həyata keçirilir”.

Komissiya sədri köçməmişdən əvvəl tərəddüd edənlərin, verilən vəsaitlərdən qane olmayanların da sonradan Komissiyaya gələrək təşəkkürlərini çatdırdıqlarını bildirib: “Bu insanlar əvvəllər “Sovetski”də təmirsiz, bərbad şəraitdə, kiçik sahəli mənzillərdə yaşayıblar. O insanlar artıq Xırdalanda, Masazırda tam təmirli, daha geniş və həyəti olan evlər alıblar. İndi onlar yaşadıqları hazırkı şəraitə görə dövlət başçısına, hökumətə minnətdarlıqlarını bildirmək üçün Komissiyaya gəlirlər”.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.


Teqlər:





Xəbər lenti