“Qəribə” bahalaşma: Unun qiyməti enməli olduğu halda, niyə qalxıb? | TƏHLİL

      “Qəribə” bahalaşma:    Unun qiyməti enməli olduğu halda, niyə qalxıb?    | TƏHLİL
  27 May 2024    Oxunub:4564
Ölkədə ərzaq buğdasının biçin dövrünün yetişmək üzrə olduğu vaxtda unun qiyməti 7% civarında yüksəlib. Apreldə 50 kiloqramlıq un kisəsi 25 manat 5 qəpiyə satılırdısa, mayda 27 manat 35 qəpiyə qalxıb. Səbəb kimi təklifin azalması göstərilir. Halbuki, həm ölkəyə idxal qənaətbəxş səviyyədədir, həm də xammal tədarükü dövrü yetişmək üzrədir. Odur ki, qiymətlər əslində dəyişməli deyil. Bəs nə baş verir? Ölkəmizdə əhalinin istehlak səbətində əsas yer tutan un niyə bahalaşıb? Bunun ardınca çörəyin də qiyməti qalxa bilərmi?
Necə oldu ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bir qədər sonra dünyada kəskin taxıl böhranı yarandığı halda, bizdə bu sahədə heç bir ciddi bahalaşma ortaya çıxmadı, amma indi unun qıtlığı yaranır və buna görə də qiymətlər yüksəlir?

Ölkəmiz buğda sarıdan idxaldan asılı ölkələr sırasındadır. Bizdə çörəyin və unun qiymətini həmişə hökumət saxlayıb və saxlayır. Bu da dolayı yolla dövlət büdcəmizə hər il xeyli vəsait itkisi hesabına başa gəlir. Lakin hazırda real olaraq dünyada taxıl və un tədarükü sahəsində heç bir ajiotaj müşahidə edilmir. Sadəcə, bu il Rusiyada buğda istehsalının azalacağı gözlənilir. Ölkəmiz də unu əsasən oradan idxal edir. Ancaq həmin ölkədə də azalma çox olmayacaq.


Statistikaya əsasən, ölkəmizə ümumən buğda idxalının özü tələbdən dolayı azalıb və azalmaqda da davam edir. 2023-cü ilin ilk 4 ayı ərzində ümumi dəyəri 123 milyon 989 min 840 ABŞ dolları olmaqla 409 milyon 038 min 750 ton buğda gətirilmişdisə, cari ilin eyni dövründə bu rəqəm 59 milyon 697 min 630 ABŞ dolları olmaqla 266 milyon 609 min 010 ton təşkil edib.
Ölkədə un və çörək məhsullarının istehlakı da enib. Statistikaya nəzərən bu da davamlı xarakter daşıyır. Məsələn, bu ilin ilk 3 ayı ərzində 262 milyon 100 ton çörək istehsal edilib, bu isə illik müqayisədə 8.2% az deməkdir. Odur ki, un istehsalı da azalıb.

2023-cü ilin birinci rübü ərzində 391 milyon 070 ton buğda unu istehsal edilmişdisə, 2024-cü ilin eyni dövründə qeyd olunan rəqəm 6,5% azalaraq, 365 milyon 380 ton təşkil edib. Ümumiyyətlə, əhalinin artmasına baxmayaraq, son vaxtlar ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2,6% azalaraq, 1 milyon 328 min 750 tona, çörək isə 3,1% azalaraq 1 milyon 207 min 150 tona düşmüşdü. İdxalın azalması da elə məhz bununla əlaqədardır.

Sözün qısası, un bahalaşmalı deyil, əksinə ucuzlaşmalıdır. Çünki buna həm obyektiv, həm də subyektiv səbəblər var. Unun 7% civarında bahalaşması yalnız spekulyativ amillərin təsirlərinin nəticəsidir. Bu, tezliklə taxıl biçini mövsümünün başlanacağı ilə əlaqədar qiymətlərin ucuzlaşacağının qarşısını qabaqcadan almaq məqsədi daşıyır. Deməli, idxal ilə məşğul olan dairələrin bazara təsir imkanları kifayət qədər güclüdür.

Unun bahalaşması çörəyin qiymətini yüksəltməyəcək. Lakin əhalinin istehlak səbətində əsas yer tutan bu strateji məhsulun qiymətində spekulyativ təsir və təzyiqlərə son qoymaq üçün istər yerli istehsalda, istərsə də idxalda inhisarçılıq aradan götürülməli, paralel olaraq ölkədə çörək və digər un məmulatlarının qiymətləri tədricən sərbəst buraxılmalıdır. Bazar sərbəst olarsa, yerli buğda istehsalı da həm həcm, həm də keyfiyyətcə arta bilər. Daxili tələbat müvafiq rəqabət şəraiti yaratmaqla özü bunu stimullaşdırar. Biz bu sahədə əslində, gecikmişik.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Un   Taxıl   Buğda  





Xəbər lenti