Bakı metrosunda nələr baş verir?

Bakı metrosunda nələr baş verir?
  04 İyul 2014    Oxunub:1172
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti son günlər metroda qatarların hərəkətində yaranan fasilə, eskalatorların fəaliyyətindəki nasazlıqlara, eləcə də sərnişinlərin şikayətlərinə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, qurum yay qrafikinə keçidiyinə görə, xəttdə olan qatarların sayı azaldılıb. Bu da sərniş sıxlığına səbəb olur.

“Statistikalara nəzər saldıqda görərik ki, qatarların plandan kənar depoya qayıdışında xeyli azalma var. Plandan kənar qayıdış o deməkdir ki, yəni hər hansı problem olub və qatar depoya göndərilib. Əvvəllər bu rəqəm gün ərzində 15-17 idisə, hazırda bu rəqəm 1, bəzi hallarda isə 2 ola bilər. Əvvəl 30 cüt qatar xəttə hərəkət edirdisə, hazırda 24 cüt qatar var”.

N.Paşayevin sözlərinə görə, xətdə olan qatarların sayı azaldılmaqla intervalın sayı artırılıb: “Qış qrafikində metrodan 700 min sərnişin istifadə edirdisə, indi isə gündəlik 400-450 min sərnişin istifadə edir. Xətdə olan qatarların sayını azaldıb intervalı artırmışıq. Bu da bizə imkan verir ki, qatarları növbə ilə qış rejiminə hazırlayaq, cari və əsaslı təmir edək”.

Eskalatorlara gəlincə, N.Paşayev vurğulayıb ki, problemləri elə sərnişinlərin özü də yaradır: “Son bir həftədə Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişinlər tərəfindən 8 dəfə eskalatorun dayandırılması halı müşahidə edilib. Orada təcili vəziyyətlər üçün təxliyə açarı var, sərnişinlər eskalatordan çıxanda onu bururlar və eskalator dayanır. Və bunu da metropolitendə nasazlıq kimi verirlər”.

Metropoliten sözcüsü onu da əlavə edib ki, Bakı metropolitenində müşahidə kameraları var və bütün bunların hamısı kamerada əksini tapıb.

Bakıda Fransadan yeni qatarlar almasına haqda N.Paşayev bildirib ki, Fransa şirkətilə anlaşma memorandumu imzalansa da, müqavilə imzalanmayıb: “Danışıqlar yekunlaşandan sonra müqavilə imzalanacaq və ondan sonra yeni qatarlar gətiriləcək”, deyə o əlavə edib.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti