Tələbələrin təqaüdü artırıldı - 1900 dollar

Tələbələrin təqaüdü artırıldı - 1900 dollar
  07 İyul 2014    Oxunub:1045
Nazilər Kabineti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin artırlması haqda qərar verib.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xaricdə təhsil alan tələbələr tərəfindən nazirliyə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda nazirlik tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.

Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti