`Dini bakirəlik`: ya qadın, ya da Allah?! – ARAŞDIRMA

  07 İyul 2014    Oxunub : 3856
`Dini bakirəlik`: ya qadın, ya da Allah?! – ARAŞDIRMA
Qədim şərq müdrikləri maddi həyatı “cinsi həvəs buxovları” adlandırırdılar. Cinsi həzzlərə hədsiz önəm verildiyi müasir zəmanədə bu buxovlardan azad olmaq barədə danışmaq, bəlkə də yersiz görünəcək. Amma maraqlıdır: bəs abidlik, nikahsızlıq – xristianların latıncadan götürdüyü “caelibatus” (subaylıq) sözü ilə ifadə etdiyi seksual həyatdan imtina nə ilə bağlı idi?

Xristaianlığı dərhal xatırlamamız səbəbsiz deyil. Çünki İslamda möminlərin dini motivlərlə seksual fəallıqdan imtina etməsi faktları mövcud deyil. Əksinə, müsəlman kişilərin bir qadınla kifayətlənməyib çoxarvadlılıq ənənəsindən yararlanması hallarına daha tez-tez rast gəlirik. Orta əsrlərdə çoxarvadlılıq varlı müsəlman ailələrində normal hal sayılırdı. Bu ənənə müasir islam dövlətlərində bu və ya digər formada qalmaqdadır. Lakin xristian rahibləri (monaxlıq institutuna aid kilsə xadimləri), vedik istiqamətli dini cərəyanları təmsil edən brahmaçarilər, vanaprasthalar və sannyasilər isə ruhi inkişaf naminə maddi dünyanın ən cəlbedici həzzi olan cinsi münasibətlərdən imtina ənənəsini yaşatmaqdadırlar. Buradaca, qeyd etməliyik ki, xristianlıqda rahiblik institutunun mövcurluğu bu dinin vedik köklərinin nişanələrindəndir.

Veda mətnləri və onlara əsaslanan dini cərəyanlar özünü ruhi kamilləşmə prosesinə həsr etmək istəyənlərə bütün maddi fəaliyyətlərə son qoymağı, hissləri nəzarətə götürməyi və bütün diqqəti Tanrıya yönəltməyi tövsiyə edir. İddiaya görə, həyatını bu şərtlər əsasında quran insan hisslərini bütünlüklə, dərrakənin nəzarətində saxlamağa nail olur. Bu cür insanlara qosvami – yəni, hisslərinin ağası deyirlər.

Brahmaçarilər əks cinslə hər cür ünsiyyətdən təcrid edilmiş şəraitdə təhsil aırlar. Təhsili başa vurduqdan sonra onlardan çox nadir halda bəziləri ruhani fəaliyyəti davam etdirərək birbaşa sannyasa aşramına qədəm qoyur. Bu, ömürlük subay qalma vədi deməkdir. Sannyasa qəbul edən adam nəinki, əks cinslə münasibətlərdən, hətta maddi əmlakdan, daimi yaşayış yerindən də imtina etmiş olur. Onun var-dövləti əl ağacından, su qabından və əynindəki paltardan ibarət olur. O, 3 gündən artıq eyni yaşayış məntəqəsində qala bilməz. Onun əsas fəaliyyəti ibadət və təbliğatdan ibarətdir.

Vedalar cinsi münasibətlərin həzz vasitəsinə çevrilməsinin əleyhinədir. Veda fəlsəfəsi (vedanta) hər bir şeyi təyinatı üzrə istifadə etməyi öyrədir və cinsi münasibətlərin təyinatının nəsil artırmaq, övlad dünyaya gətirməkdən ibarət olduğunu deyir. Təyinatı üzrə istifadə edilmədikdə isə o, ruhi inkişaf yolunda bir maneəyə çevrilir, insana həyatın ali məqsədini unutdurur.

Tövratda Tanrının dilindən deyilən “Törəyin və çoxalın, Yer üzünü doldurun” (Yaradılış, 1.28) kəlamını əsas gətirən yəhudilər həmişə nikaha vacib şərt kimi baxıblar. Hər hansı bir məqsədlə subay qalmağa üstünlük verənlərsə yəhudilərin qınaq obyekti olub.
Dini vəzifələrin atadan oğula ötürüldüyü yəhudilikdə subay rahiblərin mövcudluğu nə qədər ağılasığmaz görünsə də, Köhnə Əhd tarixində belə nümunələrə də rast gəlirik. Kişi bakirəliyinin yəhudilikdə yüsək dini dəyər sayılmağa başlaması peyğəmbər İliyanın adı ilə bağlıdır. Bundan sonra nikahsızlığa münasibət tam dəyişməsə də, istisna hal kimi qəbul edilməyə başladı.

Yunanıstanda və Romada xristianlığaqədərki dövrlərdə subaylığa münasibət yəhudilərin münasibəti ilə üst-üstə düşür. Onlar da subaylığı kəskin qınayır, evliliyi, xüsusilə də çoxuşaqlı ailələri təqdir edirdılər. Araşdırmaçılar dinin evlilik məsələsinə bu münasibətini siyasi hakimiyyətin sifarişi kimi dəyərləndirirlər: “Dövlət nikaha çoxlu vergi ödəyiciləri və əsgər təchizatçısı kimi baxırdı. Afinada, Romada və Spartada subayları və dulları cərimələyir, əlavə vergi ödəməyə məcbur edirdilər” (“Drevo” Xristian Ensklopediyası).

Xristianlığın yeni yayılmağa başladığı illərdə İsa peyğəmbərin ardıcılları Veda ənənələrinə uyğun olaraq evlilikdən imtinaya çox meylli idilər. Həvari Pavelin “Korinflilərə 1-ci məktubu”ndan (I Kor 9.5) görünür ki, müəllif əvvəllər ailəli olsa da, evlilikdən imtina edib. O, bu addımını özünü bütünlüklə ruhi həyata həsr etmək, dünyəvi işlərə vaxt sərf etməmək naminə atdığını yazır. O, hesab edir ki, nikah heç də pis deyil, amma evlənmədən yaşayan daha düzgün addım atmış hesab olunur: “Subay Tanrı ilə ilgilənir, Tanrını razı salmaq barədə düşünür; evli isə dünya ilə ilgilənir və həyat yoldaşını razı salmaq barədə düşünür... Lakin kim ki, sabit qəlblidir, ehtiyaclara boyun əyməyib, öz iradəsinin ağasıdır, öz bakirəliyini qorumaqda qərarlıdır, o düzgün addım atır” (I Kor 7:32,37).

Xristianlığın ilk illərində də nikaha münasibət məsələsində anlaşılmazlıqlar olurdu. Lakin bu anlaşılmazlıq İsa peyğəmbərin mötəbər davamçılarının müdaxiləsi ilə yoluna qoyulurdu. İllər ötdükcə bütün fəlsəfi məsələlərdə olduğu kimi, dində subaylıq vədi ilə bağlı məsələlərdə də spekulyativ məqamlar üstünlük təşkil etməyə başladı. Roma imperatoru Konstantinin (4-cü əsr) məşhur dini islahatından sonra kilsə dəfələrlə din xadimlərinin evliliyi məsələsini müzakirə edərək hər dəfə də bir-birinin ziddinə qərarlar verib.

Köhnə qaydaları ləğv edən ilk çağırış 4-cü əsrin ikinci yarısında toplanan Qanqr Kilsə Qurultayında səsləndirilib. Qurultay “Sevasta yepiskopu Yevqrafiya kimi evli presviterlərin xidmətinin qüvvəsini şübhə altına alan” hər kəsi lənətləyən məşhur qərarı ilə tarixə düşüb. 4-cü əsrin sonlarından isə artıq, yepiskop rütbəsinə evli din xadimlərini də layiq görməyə başladılar.

Onu da qeyd edək ki, din xadimlərinin rahibliyə münasibəti məsələsində Qərbi və Şərqi Roma kilsələri arasında baxışlar fərqli idi. Yuxarıda qeyd etdiyimiz güzəştlər şərqdə nə qədər məmnunluqla qəbul edilirdisə, qərbdə bunun əksinə, narazılıqla qarşılanırdı.
Belə ki, Oranq (441), Arl (442 və ya 452), Tur (461), Toled (653 və 659) Kilsə Qurultayları bir-birinin ardınca nikahın ruhani rütbələrlə bir araya sığmaması haqqında qanunlar verməyə başladılar. Nəhayət, rahiblik bütün qərb kilsələrində din xadimləri üşün vacib şərtə çevrildi.

Kenterberi yepiskopu Dustian (961- 968) evli din xadimlərinə boşanma əmri verdi və bu əmrdən çıxanları xidmətdən kənarlaşdırıb onları rahiblərlə əvəzlədi. Lakin bu qərar özünü doğrultmadı və onun xələflərindən olan Anselm bütün İngiltərə din xadimləri üçün subaylığı vacib şərt kimi yenidən təsdiqlədi (Vestmnistr Kilsə Qurultayı, 1002-ci il).

1018-ci ildə poma papası VIII Venidikt Pavi Kilsə Qurultayında xristianlıq tarixinin ən amansız qanunlarından birinə imza atdı. Onun təkidi ilə kilsə xadimlərinin qanunsuz nikahından doğulan uşaqları kilsə qulları elan edildi. Bu qanuna görə, kilsə qulları ömürlərinin sonunadək azadlıq hüququndan məhrum idilər.

Roma papası IX Lev (1048—1054) “Kliriklərin bakirəliyi haqqında qanun”unda kilsə xadimləri ilə yaxın münasibətlərdə olan qadınları da kilsə qulları elan etdi. Bütün bunlar kilsə xadimlərinin nikahsızlığının mütləqləşdirilməsi cəhdi kimi izah edilirdi. Əslində isə bu cəhdlər din xadimlərinin artıq könüllü olaraq seksual həyatdan uzaqlaşma əhval-ruhiyyəsinin zəifləməsindən, bu prinsipin öz mahiyyətindən çox-çox uzaqlaşmasından xəbər verirdi.

Pravoslav kilsəsi din xadimlərinin əhval-ruhiyyəsindəki bu tənəzzülü nəzərə alaraq keşiş və diakonların evli kişilər arasından seçilməsini qanuniləşdirdi. Hətta uzun illər Rusiyada evlilik keşişlər üçün vacib şərt kimi irəli sürülürdü. Bir çox dul din xadimlərinin yad qadınlarla nikahdankənar münasibətlərinə son qoymaq məqsədilə Moskva patriarxı Pyotr XV əsrdə xüsusi qanun imzalamağa məcbur oldu. Bu qanuna görə, dul keşiş və diakonlar dərhal rahiblik andı içməli idilər. Əks halda, onlar kilsə xidmətlərindən kənarlaşdırılırdılar. Amma təbii ki, din xadimlərindən tələb edilən təmizliyi inzibati qanunlarla əldə etmək mümkün deyildi. Bu, bəzi səmimi dindarlarda rəsmi kilsəyə qarşı ikrah yaradırdı və yeni sektaların yaranmasına səbəb olurdu.

Rəsmi kilsənin ilkin dini prinsiplərdən uzaqlaşmasına etiraz edən sadə xristianların yaratdığı sektalar bəzən elə təhlükəli məcraya yönəlirdi ki, onlarla mübarizə aparmaq üçün hüquq-mühavizə orqanları işə qarışmalı olurdu. Belə sektalardan biri də XVIII əsrdə Rusiyada meydana gələn Skopniçestvo (xədimlik) idi. Bu sektanın üzvləri xalq arasında “skopets” (xədim və ya axta) kimi tanınsa da, sekta üzvləri özlərini “ağ göyərçinlər” adlandırırdılar. Skopniçestvonun əsasını qoyan qaçaq təhkimli kəndli Kondrati Selivanov “əsl xristianlıq” yolunu axtalanmada “tapmışdı”. O, hesab edirdi ki, şəhvəti cilovlamağın yeganə yolu budur.

Selivanov İncildə rast gəlinən və rəmzi məna daşıyan, əslində isə cinsi fəallıqdan könüllü imtina mənası verən “xədim”, “axtalanma” kimi sözləri hərfi mənada qəbul edirdi (“Bəziləri anadangəlmə xədimdir, bəziləri insan əli ilə xədim edilib, bəzi insanlar isə özləri özlərini Səma Səltənəti naminə xədim sayır. Kim bunu qəbul edə bilir, etsin” (Мatta 19:12) ). Odur ki, onun yaratdığı sekta ruhun yeganə xilas yolunu bədənin cinsiyyət orqanlarından süni yolla məhrum edilməsində görürdü. Bütün sərtliyinə, aqressivliyinə və anormallığına rəğmən Selivanovun sektası rəsmi kilsəyə, saxta din xadimlərinə etiraz edən sadə əhali arasında populyarlaşmağa başladı.

Selivanovun qoyduğu qaydalara görə, sektaya üzv olan hər kəs ilk növbədə xayalarından məhrum edilirdi. “Odlu xaçlanma” adlanan bu mərasim xayanın qızmış dəmirlə yandırılaraq kəsilməsi üsulu ilə icra edilirdi. Sonralar bu əməliyyat iti kəsici alətlə yerinə yetirilir, yaranın yeri qızdırılmış dəmirlə dağlanırdı.

1772-ci ildə sektanın 246 üzvü məhkəmə məsuliyyətinə cəlb edildi. Bu sektayla bağlı ikinci səs-küylü məhkəmə prosesi isə SSRİ dövründə,1929-cu ildə qeydə alınıb. Bütün bunlar “skopniçestvo”nun qarşısını tam ala bilmədi. Hazırda Şimali Qafqazın bəzi rayonlarında bu sektanın ardıcılları qalmaqdadır. Lakin müasir “ağ göyərçinlər” özlərini cinsiyyət orqanlarından məhrum etmirlər. Onlar sadəcə olaraq, seksual fəallıqdan imtina edərək özlərini ruhi inkişafa həsr edirlər.

Müasir xristianların bir çoxu artıq rahiblik institutunun işə yaramadığını, əksinə, bir çox hallarda problemlər yaratdığını düşünür. Hətta bu məsələ ilə bağlı Vatikan rəhbərliyinə müraciət ünvanlayanlar da var. Son illər dünya mətbuatının bu problemlə bağlı yaydığı materiallardan birində 1960-cı ildə adı katolik yepiskopu ilə seksual qalmaqalda hallanan Kleliya Luro adlı 87 yaşlı qadının müraciətindən bəhs edilir. Luro papa Fransisklə şəxsən tanış olduğunu, rahibliyin ləğv edilməsi məsələsində həmfkir olduqlarını iddia edir: “Əminəm ki, papa bakirəlik ənənəsinin ləğv edilməsi məsələsiylə bağlı müraciətimə müsbət cavab verəcək. Bu islahat keşiş çatışmazlığını aradan qaldıracaq və katolikləri həvəsləndirəcək” – deyə əminliklə danışsa da, Vatikan Luronu sevindirməyib. Associated Press agentliyinin ötən ilin 22 aprel tarixli bir xəbərində yer alan bu müraciətə papa Fransisk ikibaşlı cavab verib: “Hesab edirəm ki, bakirəlik ənənəsi öz mənfi və müsbət tərəfləri ilə hələlik qalmalıdır. Çünki təcrübə göstərir ki, hər halda bu ənənədə müsbələr mənfilərdən çoxdur. Amma hər şey dəyişə bilər”.

Luronun müraciətindən iki il əvvəl, 4 fevral 2011-ci ildə Almaniya universitetlərində çalışan 144 teologiya professoru da son illər rahiblər və yüksək çinli kilsə xadimlərinin adının seksual cinayətlərdə hallanmasını səbəb gətirərək katoliklərin nikahsızlıq məsələsinə yenidən baxmasını tələb etmişdilər. Onlar bu cinayətlərin qarşısını almaq üçün papanı saxta rahibliyə son qoymağa çağırırdılar. Professorlara cavabında papa XVI Benedikt dində bakirəliyi “dərin inam nişanəsi” hesab etdiyini demişdi.

Professorları narahat edən cinayətlərə gəlincə, onalar həqiqətən kütləviləşməyə başlayıb. Təkcə Hollandiyada son 30 ildə yüzlərlə insan kilsə xadimləri tərəfindən seksual təcavüzə məruz qalması faktıyla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu cinayətlər də, kilsə xadimlərinin nikaha girib-girməməsi məsələsinin inzibati qanunlarla idarə edilməsi, məcburiyyətlər və s. mahiyyətcə skopniçestvodan fərqlənməyən yanlışlıqlardan başqa bir şey deyil. Çünki bütün bunlar şəhvətin cilovlanmasına xidmət edən seksdən imtina prinsipinin düzgün anlaşılmamasının müxtəlif formalarıdır. Əslində, bu təbii ki, hər kəsin könüllü seçimi ilə həll edilməli bir məsələdir..

Cəmşid Bəxtiyar
Azvision.az üçün

Teqlər: