Akif Nağı qara siyahıya salınıb

Biz Naxçıvan vasitəsilə Bakıya qayıtdıqdan sonra Gürcüstan xarici işlər nazirinə, Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət etmişik, lakin heç bir rəsmi cavab almamışıq. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə bu, Akif Nağı başda olmaqla Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvünün bu il mayın 14-dən 21-dək Gürcüstana səfəri, orada müxtəlif görüşləri ilə bağlıdır. Bizə belə bir xəbər çatıb ki, guya bizim oraya səfərimiz Gürcüstan – Ermənistan münasibətlərinə xələl gətirə bilər.
Nəzərinizə çatdırırıq ki, biz Gürcüstana səfərlər çərçivəsində yerli parlamentarilərlə, QHT-lərlə, elm adamları ilə, sadə insanlarla görüşmüş, regionda sabitlik və inkişaf üçün təhlükə təşkil edən münaqişələrdən danışmışıq. Bunun hansısa münasibətlərə mənfi təsir edə biləcəyini isə başa düşmürük.
Biz Azərbaycan – Gürcüstan münasibətlərinin bütün istiqamətlərdə inkişafının tərəfdarıyıq və bizim səfərlər bu münasibətlərin möhkəmləndirilməsinə xidmət edir. Bizim Gürcüstana səfərlərimizin Gürcüstan – Ermənistan münasibətlərinə zərər vura biləcəyini bilmirik. Amma Təşkilatımızın sədrinin və üzvlərinin Gürcüstana girməsinə hökumətiniz tərəfindən qadağa qoyulması Azərbaycanla Gürcüstan arasındakı xoş münasibətlərə heç cür yaraşmır və bu münasibətlərə xələl gətirə bilər. Xahiş edirik bu məsələnin aydınlaşdırılması üçün təşəbbüs edəsiniz.