İşğal olunmuş torpaqlara qanunsuz səfərlərin qarşısı alınacaq

İşğal olunmuş torpaqlara qanunsuz səfərlərin qarşısı alınacaq
  08 İyul 2014    Oxunub:815
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin nümayəndələri Nodar Xerxulidze və Arçil Maçavariani ilə görüş keçirilib.
Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı haqqında danışıb. Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dünya ictimaiyyətinə ədalətli, obyektiv məlumatların çatdırlmasının Şuranın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında məlumat verən QHT nümayəndələri əsas məqsədin Azərbaycan, Gürcüstan və Moldovanın işğal altında olan torpaqlarına edilən qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanması olduğunu bildiriblər. QHT nümayəndələri olan tədqiqatçıların səfərində məqsəd ölkəmizin işğal edilmiş ərazilərinə edilmiş qanunsuz səfərlər haqqında statistik məlumatlar toplamaq və Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlə tanış olmaqdır.

Hazırlanacaq tədqiqat işi dünya ictimaiyyətinin diqqətini işğal altında olan topraqlara edilən qanunsuz səfərlərin beynəlxalq hüquq normalarının kobud pozulması halı olmasına yönəldəcək. Qonaqlar məlumat verib ki, layihə çərçivəsində 25 sentyabr 2014-cü ildə Tibilisdə Dağlıq Qarabağ, Dnestiryanı, Cənubi Osetiya və Abxaziyaya qanunsuz səfərlərin edilməsinə həsr olunan 2 günlük konfrans keçiriləcək.

Toplantıda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ekspertlər, Azərbaycan, Gürcüstan, Moldovanın dövlət orqanlarının eləcə də KİV təmsiçilərinin iştirakı nəzərdə tutulur. Konfransın sonunda işğal olunmuş torpaqlara edilən qanunsuz səfərlərin pislənməsi ilə bağlı bəyanat və yekun hesabat qəbul olunacaq. Hesabatda dünya ictimaiyyəti işğal olunmuş ərazilərə edilən qanunsuz səfərləri qınamağa dəvət ediləcək.

Azay Quliyev təşkilatın hazırlayacağı hesabatda Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv və dolğun məlumatların əksini tapmasının vacibliyini diqqətə çatdırıb. Şura sədri hesabatın dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyini aydın başa düşülməsinə yardımçı olmasını və Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlara qanunsuz səfər etmək niyyətində olanları fikirlərindən daşındıracağını gözlədiklərini qeyd edib.

Qeyd edək ki, QHT nümayəndələrinin müxtəlif nazirlik və komitələrdə görüşlərini davam etdirməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti