Universitetlər tələbələrə niyə arayış vermirlər? - Açıqlama

 Universitetlər tələbələrə niyə arayış vermirlər? -  Açıqlama
  22 İyul 2024    Oxunub:1384
"Tələbə köçürmələri ilə bağlı xeyli müraciətlər daxil olur. Şikayətlərin əksəriyyəti universitetlərin arayış verməməsi ilə bağlıdır. Sözügedən arayış tələbənin universitetdə oxuduğunu təsdiq edən və aldığı qiymətləri göstərən sənəddir".
Bunu AzVision.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. O bildirib ki, ali təhsil müəssisələri tələbələrin yerdəyişməsini istəmədikləri üçün onlara çətinliklər yaradırlar.

"Heç bir universitet ödənişli əsaslarla təhsil alan tələbəsinin başqa yerə keçməsini istəmir. Ona görə də bəzi universitetlər müvafiq sənəd verməkdən imtina edirlər və tələbələri süründürürlər. Pproses hər il təkrarlanır. Amma qanunda göstərilir ki, tələbə müəyyən edilmiş şərtlərə uyğun olaraq təhsilini istədiyi universitetdə davam etdirə bilər.

Bütün tələbələrin "edu.az" və ya elektron hökumət portalında tələbə olduğunu təsdiq edən məlumatlar bazası var. Belə olan halda əlavə arayışa nə ehtiyac var? Ölkəmizdə rəqəmsallaşma gedir. Tələbələrlə bağlı məsələləri də buna uyğunlaşdırmaq lazımdır".


Ekspert ali təhsil müəssisələrinin qəbul planından da danışıb:

"Universitetlər hər tədris ilinin əvvəlində özünün qəbul planını təqdim edir. Düşünürəm ki, qəbul planı 100 faiz dolmur, buna görə də hər bir universitet boş qalan yerlərlə bağlı elan verməlidir. Tələbə sistemə daxil olanda həmin boş yerlərlə bağlı məlumatı görməlidir.

Tələbə isə sənədlərini hazırlayır, amma transfer ola bilmir. Çünki balı ilə bağlı tam məlumatlı olmur. Onlar bu məsələdə çətinlik çəkirlər".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti