NR: "Kamala Harris Ukraynanı qurban verir"

   NR:    "Kamala Harris Ukraynanı qurban verir"
  25 Sentyabr 2024    Oxunub:1464
Volodimir Zelenskinin ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harrisin seçki kampaniyasında iştirakı ştatlarda yalnız Ukraynaya dəstəyi zəiflədir.
AzVision.az xəbər verir ki, ABŞ-nin “National Review (NR)” jurnalında dərc olunan materialda belə deyilir.

“Hətta bu cür fəndlər respublikaçılar arasında Ukrayna məsələsinə zərər vursa belə, Harrisin qərargahı Zelenski üzərindəki nüfuzundan onu seçki kampaniyasının iştirakçısına çevirmək üçün istifadə edir”, - məqalədə iddia olunur.

Jurnal bildirir ki, Harrisin qərargahı Zelenskinin köməyi ilə əsasən Kiyevi dəstəkləyən Respublikaçılar Partiyasından prezidentlik yarışının keçmiş iştirakçısı Nikki Heylinin pərəstişkarlarını öz tərəfinə çəkməyə ümid edir. Maraqlıdır ki, demokratlar belə hərəkətlərin ümumilikdə respublikaçı seçicilər arasında Ukrayna haqqında rəyi daha da pisləşdirəcəyindən qətiyyən narahat deyillər.

- Zelenskinin ABŞ-nin siyasi cəbhəsində görünməsi Ukraynanın Amerika maraqları üçün o qədər də vacib olmadığını açıq şəkildə etiraf edir. Əks halda, demokratlar onu prezidentlik kampaniyası naminə məqbul sayılan qurbana çevirməzdilər”, - məqalədə vurğulanır.

Daha əvvəl “Federalist” jurnalı Pensilvaniya ştatının Skrenton şəhərindəki sursat zavoduna səfəri zamanı ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dolayı yolla dəstəklədiyi üçün Volodimir Zelenskinin Amerika seçkilərinə müdaxilə etməkdə şübhəli bilindiyini yazmışdı.
Zelenski Harrisin xeyrinə kampaniya aparmaq üçün ABŞ hərbi obyektindən istifadə edib.


Xüsusən də Harisin tərəfdarları, Pensilvaniya qubernatoru Coş Şapiro və digər demokratlarla birlikdə tərəddüd edən ştatda yerləşən zavoda baş çəkib, həmçinin fotoşəkillər və Amerika Hərbi Hava Qüvvələrinin təyyarəsindən müraciətlə öz səfərinin təbliğatını aparıb.

Bir qrup konqresmen Zelenskinin Skrentona səfəri zamanı Amerika qanunlarının mümkün pozuntularının araşdırılmasını tələb ediblər. Məktubda bildirilir ki, prezident seçkiləri ərəfəsində yüksək rütbəli demokrat məmurların Zelenskini müşayiət etməsi, federal məmurların vəzifə borclarını yerinə yetirərkən siyasi fəaliyyətlərdə iştirakına qadağa qoyan yerli qanunun pozulması kimi qiymətləndirilə bilər.

Sənəddə həmçinin qeyd olunur ki, Zelenski Pensilvaniyaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlmiş ola bilər və onun təhlükəsizliyi Məxfi Xidmət tərəfindən təmin edilib. Məktub müəlliflərinin fikrincə, bütün bunlar “vergi ödəyicilərinin vəsaitləri hesabına ödənilib”, yəni bu pullar ABŞ-nin təhlükəsizliyi və diplomatiyası ilə əlaqəsi olmayan siyasi məqsədlər üçün xərclənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Xarris   Ukrayna   qurbanlıq  





Xəbər lenti