Yoav Qalantın sitefası İsraildə ehtirasları çoşdurub - VİDEO

   Yoav Qalantın sitefası İsraildə    ehtirasları çoşdurub - VİDEO
  06 Noyabr 2024    Oxunub:276
İsrail polisi ölkənin Müdafiə naziri Yoav Qalantın isteya göndərilməsi ilə bağlı paytaxt Təl-Əvivdə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 40-a yaxın adamı saxlayıb.
AzVision.az İsrailin “Haaretz” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, etirazçılar Ayalon baş magistral yolunu bağlayaraq atəşfəşanlıq ediblər. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və digər xüsusi vasitələrdən istifadə edib.

İsraildə etirazlar dünən baş nazir Benyamin Netanyahunun Müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarını elan etməsindən sonra başlayıb. Təl-Əvivdə minlərlə nümayişçi şəhərin şərqində Ayalon şossesini bağlayıb və yol kənarında tonqallar yandırıblar. Netanyahunun Qüdsdəki iqamətgahı qarşısına da yüzlərlə etirazçı gəlib.

Baş nazirin iqamətgahı yaxınlığında etirazçılarla polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanları vətəndaşların evə yaxınlaşmasının qarşısını almaq üçün baryerlər qurub. Polisin bəyanatında deyilir ki, məmurlar “narahatlıq törədənləri dəf etmək üçün güc tətbiqinə əl atıblar” . Hayfada etirazçılar Horev qovşağından Auditoriuma doğru yürüş ediblər. Bir neçə nümayişçi saxlanılıb.

İstefaya göndərilmiş Yoav Qalantın onun vəzifədən uzaqlaşdırılması ilə bağlı verdiyi açıqlama vəziyyəti daha da gərginləşdirib.

“Mən üç məsələdə - ümumi hərbi xidmətə çağırış məsələsi ilə bağlı mövqeyim, girovların qaytarılması öhdəliyi və dövlət təhqiqat komissiyasının yaradılması zərurəti barədə fikir ayrılığına görə işdən çıxarıldım”, - keçmiş Müdafiə naziri vurğulayıb.

HƏMAS-ın xaricdəki yüksək səviyyəli nümayəndəsi Əbu Zühri İsrailin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsinə özünəməxsus qaydada reaksiya verib.

- Netanyahu HƏMAS-ı məhv edəcəyi ilə öyünən Müdafiə naziri Qalantı istefaya göndərdi. Bu gün biz onlara deyirik: Qalan artıq yoxdur, HƏMAS isə qalır və qalacaq”, - Əbu Zühri deyib.

Maraqlıdır ki, Əbu Zühri HƏMAS üzərində “mütləq qələbə” əzmində olan Benyamin Netanyahunun bu təşkilata qarşı barışmaz mövqe tuan Yoav Qalantdan daha sərt siyasət tərəfdarı olduğunu “unudur”.

Belə ki, Qəzzada hərbi və mülki nəzarətə qarşı çıxan Qalantın fikrincə, bu, İsrailin hərbi qüdrətini və iqtisadiyyatını sarsıtmaqla yanaşı, xeyli İsrail əsgərinin həyatı bahasına başa gələcək.

Bundan əlavə, Yoav Qalant onlarla girovun azad olunmasının təminatı üçün “Filadelfiya” dəhlizinin ərazisindən altı həftə müddətinə müvəqqəti geri çəkilməyi mümkün sayırdı. Qəzzada “tam qələbə”nin əldə edilməsi ilə bağlı iddiaları “cəfəngiyyat” adlandıran keçmiş Müdafiə naziri “razılaşma Netanyahunun cəsarətsizliyi və strateji səhvləri ilə pozulur” sərt ifadəsini işlədib. Bunun cavabdında Netanyahunun ofisi Qalantı anti-İsrail mövqeyi tutmaqda günahlandırıb.

Halbuki, Yoav Qalantın mövqeyi atəşkəs, Qəzza zolağının cənub hissəsindən geri çəkilmə və girovların azad olunmasını nəzərdə tutan “Bayden planı”nı təklif edən Ağ Evin mövqeyi ilə üst-üstə düşürdü. Təsadüfi deyil ki, öz mənbəyinə istinad edən “Axios” portalnının Barak Ravid Co Bayden administrasiyasınıln Netanyahunun Müdafiə nazirini işdən çıxarmaq qərarına “çox təəccübləndiyini” yazıb.

İsrailin yeni Müdafiə naziri İsrael Katsa gəlincə, o, baş nazir Benyamin Netanyahuya göstərdiyi etimada görə təşəkkürünü bildirərərk, bu məsuliyyəti İsrailin və onun vətəndaşlarının təhlükəsizliyi üçün missiya hissi və müqəddəs qorxu hissi ilə qəbul etdiyini vurğulayıb.

“Biz təhlükəsizlik sistemini düşmənlərimiz üzərində qələbəyə çatdırmaq və müharibənin məqsədlərinə nail olmaq üçün birlikdə çalışacağıq: ən mühüm missiya kimi bütün qaçırılanların geri qaytarılması, Qəzzada HƏMAS-ın məhvi, Livanda Hizbullahın məğlub edilməsi, müharibənin qarşısının alınması İranın təcavüzü və şimal və cənub sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması”, - Kats özünün “X” hesabında yazıb.

Xatırladaq ki, bu təyinata qədər İsrael Kats Xarici İşlər naziri vəzifəsini tuturdu.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Qalant   mitinqlər  





Xəbər lenti