İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub
  06 Noyabr 2024    Oxunub:739
Içərişəhərdə bu gün keçirilən “Qurama Art: EKO İnstalyasiya” sərgisi, sənətin və təbiətin harmoniyasını, həmçinin müasir instalyasiyanın imkanlarını bir araya gətirən xüsusi bir tədbirdir.
Sərgi, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olaraq təşkil olunub.

Açılışda çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğuladı ki, Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi o qədər zəngindir ki, bu sərgidə o, konseptual incəsənət formasında öz təzahürünü tapmışdır. Onun sözlərinə görə, sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulmuşdur. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edir.

Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunur. Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanat kimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsi ilə bu nadir sənətin dərinliklərinə enə və onun müxtəlif yönlərini kəşf edə bilərlər.

Sərgi noyabrın 30-dək davam edəcək. Bakı Fotoqrafiya Evi, ziyarətçiləri bu təkrarsız sərgini gəzərək, sənətin, təbiətin və dayanıqlı inkişafın qovuşduğu bu gözəl dünyanı kəşf etməyə dəvət edir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti