Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO

   Moskva Ukraynaya qarşı    yeni silahlar    işə salır    - VİDEO
  22 Noyabr 2024    Oxunub:1359
Rusiya ərazisinə “ATACMS” və “Storm Shadow” raketləri ilə zərbələrin cavabında Moskva Ukraynanı ən yeni orta mənzilli raket sistemlərindən biri ilə - nüvə başlığı olmayan “Oreşnik” ballistik raketlə vurub.
AzVision.az xəbər verir ki, xalqa müraciətində Rusiya prezidenti Vladimir Putin hədəfin Dnepropetrovskdakı hərbi-sənaye obyekti olduğunu və əməliyyatın uğurla həyata keçirildiyini deyib.

“Amerika və Britaniya istehsalı olan silahların ölkə ərazisinə hücumlarına cavab olaraq “Oreşnik”dən istifadə edib. “Oreşnik” raketləri hədəflərə saniyədə 2,5-3 kilometr sürətlə hücum edir. Bu raket sisteminin döyüş sınaqları NATO ölkələrinin “aqressiv hərəkətlərinə” cavab olaraq həyata keçirilir. Rusiya əvvəlcədən Ukraynadakı mülki şəxslərə və digər dost dövlətlərin vətəndaşlarına mümkün dağıntı zonasından çıxmağı təklif edəcək. Rusiya düşünür ki, öz silahlarından onun hədəflərinə qarşı istifadə olunmasına icazə verən ölkələrin hədəflərinə qarşı silah tətbiq etmək hüququna malikdir” , - Vladimir Putin bildirib.

Rusiya prezidenti, həmçinin Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə hücumlarının Ukraynadakı müharibənin xarakterini dəyişdiyini vurğulayıb. Bu andan etibarən, Moskvanın əvvəllər dəfələrlə vurğuladığı kimi, Qərbin təhriki ilə Ukraynada alovlanmış münaqişəyə qlobal xarakter daşıyan elementlər əlavə olunub.

O, ABŞ və NATO ölkələrinin uzaqmənzilli raketlərdən istifadəyə icazə verməklə münaqişənin daha da gərginləşməsi istiqamətində siyasətlərini davam etdirdiklərini, istehsalçı ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan Ukrayna ordusunun belə silahlardan istifadə edə bilməyəcəyini vurğulayıb.

“Hava hücumundan müdafiə sistemlərimiz bu hücumları dəf etdi. Nəticədə düşmənin açıq şəkildə qarşısına qoyduğu məqsədlərə nail olunmadı. Kiyevin Qərb istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməsi hərbi əməliyyatların gedişinə təsir etməyəcək. Qoşunlarımız bütün döyüş təmas xətti boyunca uğurla irəliləyir”, - Rusiya prezidenti deyib.

Bununla belə, o, Qərbin raketlərinin Kursk bölgəsini vurması zamanı itkilərin olduğunu etiraf edib. Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşmasının komanda məntəqələrindən birinə hava hücumu və hava döyüşü nəticəsində obyektin bayır təhlükəsizlik bölmələrinin şəxsi heyəti arasında itkilər, ölənlər və yaralananlar olub.

Valdimir Putin məhz Kursk və Bryansk vilayətlərindəki hərbi hədəflərin noyabrın 19-da Amerikanın “ATACMS”, noyabrın 21-də isə Britaniyanın “Storm Shadow” raketlərinin hücumuna məruz qalmasının cavabında Rusiyanın daha müasir silahlara əl atdığını diqqətə çatdırıb.

Rusiya prezidenti onu da bildirib ki, Moskvanın orta və daha yaxcın mənzilli raketlər hazırlaması ABŞ-nin Avropa və Asiya-Sakit okean regionunda oxşar tipli raketlər yerləşdirmək planlarına cavabdır.

- Biz həmişə bütün məsələləri sülh yolu ilə həll etməyə üstünlük vermişik və indi də hazırıq, eyni zamanda hadisələrin istənilən inkişafına da hazırıq. Əgər kimsə buna hələ də şübhə edirsə, çox nahaq. Cavab həmişə olacaq”, - Vladimir Putin xəbərdarlıq edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti