Trampın müşaviri möhtəkirliklə məşğul olub

   Trampın müşaviri    möhtəkirliklə    məşğul olub
  26 Noyabr 2024    Oxunub:1586
Donald Trampın hüquqşünaslar qrupu onun şəxsi müşaviri və aparıcı hüquqşünası Boris Epşteynin növbəti administrasiyada vəzifələrə namizədlərin təyin olunmasında vasitəçi kimi gizli faydalar əldə etməyə çalışdığına dair hesabat hazırlayıb.
AzVision.az xəbər verir ki, hüquqi yoxlamanın materialları ilə tanış olan adı çəkilməyən iki şəxsə istinad edən “The Washington Post (WP)” qəzeti belə məlumat yayıb.

Trampın hüquqşunaslar qrupu tərəfindən hazırlanan hesabatda Epşteynin müntəzəm məsləhət haqları müqabilində potensial namizədlərə prezident qarşısında onların təmsisi olmaq vədləri verdiyi bildirilir. Nəşrin mənbələrinin məlumatına görə, belə təkliflər alanlar arasında Maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent də var.

“Hüquqi araşdırma təşəbbüsü Trampın özündən gəlib. O, Epşteynin potensial namizədlər üçün tələbləri haqqında məlumat aldıqdan sonra bunu sifariş edib. Eyni zamanda, sənəd Epşteynin işini və Trampla sıx əlaqəni dayandırmağı tövsiyə edir. Çünki onun hərəkətləri Tramp üçün reputasiya qalmaqalına və Epşteyn üçün potensial cinayət təqibinə səbəb ola bilər”, - qəzetdə dərc edilən materialda vurğulanır.

Eyni zamanda, Trampın bir çox müşavirlərinin Epşteynə şübhə ilə yanaşdıqları bildirilir. Çünki o, hüquqi öhdəliklərindən çox kənara çıxan vəzifələr üçün tövsiyələr verirdi.
Qeyd edək ki, Epşteyn 2020-ci il prezident seçkilərindən sonra Trampa işləməyə başlayıb. Daha sonra o, prezidentin hüquqşünaslar qrupuna rəhbərlik edib, çünki Tramp çoxsaylı cinayət ittihamları ilə üzləşib.

Epşteyn Trampın bütün digər vəkillərinin onun vasitəçiliyi çərçivəsində işləməsini tələb edib. Noyabr seçkilərindən bəri Boris prezident Trampın komandasında mühüm rol oynayıb, Mar-a-Laqo iqamətgahında xeyli vaxt keçirib və əsas vəzifələrə namizədləri tövsiyə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Epşteyn   möhtəkirlik  





Xəbər lenti