Aİ-nin XİN rəhbərləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Aİ-nin XİN rəhbərləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək
  29 Noyabr 2024    Oxunub:718
Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirləri dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə bildirib.

“Son vaxtlar Gürcüstan məsələsi bir neçə dəfə müzakirə olunub. Bu məsələni 16 dekabrda 27 Aİ ölkəsinin Xarici İşlər Nazirləri müzakirə edəcək. Daha dəqiq məlumatı həmin görüşdən sonra verə bilərəm. Hazırda bütün variantlar müzakirə masasında qalır. Bunlar arasında vizasız rejimin dayandırılması ehtimalı da var”, - deyə Herçinski vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze daha əvvəl bildirib ki, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük üzrə danışıqları gündəmə gətirməmək və birlikdən hər hansı büdcə qrantlarından imtina etmək qərarına gəlib.

Onun sözlərinə görə, buna səbəb Avropa İttifaqının danışıqların başlanması ilə bağlı davamlı təzyiqləri, parlamentin qəbul etdiyi bəzi qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmə çağırışları olub.

AzVision.az





Teqlər:





Xəbər lenti