Bahalı “qarmon”: “Huawei” oyun qaydalarını dəyişdi

      Bahalı “qarmon”:    “Huawei” oyun qaydalarını dəyişdi
  15 Dekabr 2024    Oxunub:2548
“Huawei” şirkəti planşet boyda olan qatlanan smartfonunu təqdim edib. Bazardakı digər qatlanan modellərdən fərqli olaraq, “Huawei Mate XT Ultimate Design” iki yox, üç hissədən ibarətdir və açılanda əsl planşetdən fərqlənmir.
Bəzilərinin artıq “qarmon” adlandırdığı cihaz Çində böyük maraqla qarşılanıb və ilk iki həftədə 7 milyon satılıb. Halbuki, qiyməti Çinin özündə “Apple iPhone 16 Pro Max”dan 1,5 dəfə bahadır. Qalan ölkələrdə isə cihazdan daha çox dəbdəbə əşyası sayıla bilər.


Telefon tam açılanda geniş OLED ekranın diaqonalı 10,2 düym olur. Aparat 2,3 Hz tezliyə malik 12 nüvəli “HiSilicon Kirin 9010” prosessoru ilə təchiz olunub. Bu çip “Huawei”in öz məhsuludur və ilk dəfə “Huawei Pura 70” smartfonlarına qoyulub.


“Qarmon”un operativ yaddaşı 16 gb, daimi yaddaşı 1 tb-dır. 5600 mA/s tutumlu batareyaya malikdir.


Bəllidir ki, ABŞ-nın sanksiyasından sonra “Huawei”in aparatları şirkətin özünün yaratdığı “Harmony OS” əməliyyat sistemilə işləyirlər. Amma qlobal bazara çıxan qurğularda “G-box” şlüzü vasitəsilə Android tətbiqlərini yükləmək mümkün olur.

Samir Quliyev
AzVision.az


Teqlər: Texnologiya  





Xəbər lenti