“Eurasia Hoy”: “Ağdamın süqutunun səbəbləri”

“Eurasia Hoy”: “Ağdamın süqutunun səbəbləri”
  23 İyul 2014    Oxunub:1119
“Eurasia Hoy” xəbər portalında “Ağdamın süqutunun səbəbləri” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Ağdam rayonunun tarixi haqqında məlumat verilir. Müəllif yazır ki, 1988-ci il fevralın 22-də məhz bu şəhərdən olan bir qrup azərbaycanlı Ermənistan SSR Ali Sovetinin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Ali Sovetinin erməni deputatlarının hərəkətlərindən (onlar Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsinin Ermənistan SSR-ə birləşdirilməsi haqda qanunsuz sənəd qəbul etmişdilər) narazılığını bildirmək üçün Xankəndinə yola düşmüşdü.

Əsgəran şəhəri yaxınlığında toqquşma zamanı məhz Ağdam şəhərinin sakinləri – Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən və cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlının həyatını itirməsi ilə nəticələnən Xocalı qırğınında salamat qalan azərbaycanlılar məhz Ağdama tərəf qaçırdılar.

Materialda deyilir ki, 1993-cü ilin fevral ayında erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə iri miqyaslı hücuma başladılar. Fevralın sonuna qədər onlar Ağdamdan qərbə tərəf yerləşən Kəlbəcər rayonunun strateji əhəmiyyətli Sırxavənd, Çıldıran, Dəvədaşı və Yayıcı qəsəbələrini işğal etdilər və Sərsəng su anbarını nəzarət altına aldılar. İyunun 12-də ermənilər Ağdam rayonunun bütün perimetri boyunca geniş hücuma başladılar. İyunun 12-də ermənilər Ağdam şəhərindən 10 kilometr şimalda yerləşən strateji əhəmiyyətli Fərrux dağı yüksəkliyini tutdular və növbəti altı həftə ərzində şəhəri fasiləsiz bombalamaq imkanı əldə etdilər. Elə həmin gün ermənilər Azərbaycanın iki iri qəsəbəsini – Ağdamdan 7 kilometr cənub-şərqdə yerləşən Yusifcanlı və Mərzili qəsəbələrini tutdular.

“Human Rights Watch” hüquq-müdafiə təşkilatının hesabatında göstərilir ki, erməni qoşunları işğal edilmiş kəndlərdə meyitləri də qarət edir, bu ərazidə tam etnik təmizləmə aparır, qaçqınların öz evlərinə qayıtmasının qarşısını almaq üçün yaşayış məntəqələrini yandırıb külə döndərirdilər.

Mərzili kəndinin işğalı zamanı ermənilərin çox təriflədikləri komandirlərindən biri – bütün dünyada terrorçu kimi tanınmış Monte Melkonyan öldürüldü. 1993-cü il iyulun 5-dək Ağdam faktiki olaraq hər tərəfdən mühasirəyə alındı. İyulun 23-dək “Qrad” qurğularından atəşə tutulan Ağdam şəhəri həmin gün tam işğal edildi, talan olundu və yandırıldı. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.

“Human Rights Watch” hüquq-müdafiə təşkilatı öz hesabatında qərbli diplomatların bəyanatlarına istinad edərək yazır ki, bütün şəhərin yandırılması “təkcə qoşunların intizamsızlığına deyil, həm də erməni rəhbərliyi tərəfindən tərtib edilmiş müfəssəl plan” mövcud olmasına dəlalət edir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 nömrəli qətnamədə Ağdamın işğalı pislənir, işğalçı qoşunların ərazidən çıxarılması, qaçqınların öz yaşayış yerlərinə qaytarılmasının təmin olunması tələb edilir. Lakin sirr deyildir ki, Ermənistan hələ də həmin qətnamədə təsbit olunan tələbləri yerinə yetirməyib (Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh, Human Rights Watch/Helsinki Organization hüquq-müdafiə təşkilatının hesabatı, 1994-cü il, səh. 16-48).

ABŞ Qaçqınlarla İş Komitəsinin hesabatında öz əksini tapmış məlumatlara görə Ağdamın 153 min sakinindən 128.584 nəfəri öz ölkəsinin daxilində məcburi köçkün vəziyyətinə düşüblər. Ağdam rayonunun işğal edilməsi nəticəsində erməni silahlı qüvvələri Azərbaycana 6,179 milyard dollar məbləğində ziyan vurublar. Rayonun bir neçə kəndinin erməni qoşunları tərəfindən tutulması ifrat qəddarlıq və Cenevrə konvensiyasının normalarının kobud şəkildə pozulması ilə müşayiət olunurdu. Ermənilərin hücumu zamanı Ağdam rayonunda 5897 azərbaycanlı həlak oldu. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində bir rayona düşən inan itkisinin ən böyük göstəricisidir.

Məqalədə qeyd edilir ki, vaxtilə Aşağı Qarabağın ən dinamik rayon mərkəzinin Ağdam şəhəri bu gün boşdur. İndi burada yeganə “görməli yer” - ermənilər tərəfindən dağıdılmış şəhərin xarabalıqlarıdır. (virtualkarabakh.az)


Teqlər:  





Xəbər lenti