“Azərbaycan ərazisi (1918-2025)” kitabının təqdimatı keçirilib

“Azərbaycan ərazisi (1918-2025)” kitabının təqdimatı keçirilib
  13 Mart 2025    Oxunub:558
Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Milli Məclisin deputatı tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin birgə müəllifi olduqları “Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həmçinin “Azərbaycan ərazisi (1918-2025)” adlı kitab haqqında məlumat verib. Daha sonra kitabın müəllifləri Vasif Qafarov və Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək ərsəyə gətirdikləri elmi əsəri ictimaiyyətə təqdim ediblər.

Müəlliflər müasir müstəqil Azərbaycanın mövcudluğunun səbəbkarının Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulamaqla, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin dühası və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. Bildirilib ki, bütün bunlar təqdimatı keçirilən kitabda da öz əksini tapıb. Bu kitabda Azərbaycanın tarixi ərazisinin ümumi mənzərəsinə nəzər salınıb, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədlərinin əhatəsi öyrənilib. Kitabda 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında araşdırılıb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 86,6 min kvadratkilometrə endirilməsi və Azərbaycanın ərazisinin xalqın iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılıb.

Hərbi prokuror Xanlar Vəliyev sözügedən araşdırmanın aysberqin görünən tərəfi olduğunu vurğulayaraq, tarixən Azərbaycan ərazilərinin işğala, xalqının soyqırımına məruz qalması faktlarının, ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi prosesinin mütəxəssislər tərəfindən birgə kompleks araşdırılmasına zərurət olduğunu bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov və digər ziyalılar kitabda tədqiq olunan problemin aktuallığını vurğulayaraq, əsərdə böyük elmi yeniliklərə imza atıldığını, yeni elmi müddəalar irəli sürüldüyünü və onların konkret dəlillərlə əsaslandırıldığını yüksək qiymətləndiriblər. Eyni zamanda, kitabın Azərbaycan, Qafqaz və beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrantlar, eləcə də yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün çox faydalı olacağını qeyd ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti