İsa Qəmbərin partiyasında çaxnaşma

İsa Qəmbərin partiyasında çaxnaşma
  30 İyul 2014    Oxunub:718
Müsavat Partiyasında qurultay davası yenidən alovlanıb. Partiyanın dalana dirənən qurultay məsələsi Müsavat rəhbərliyi arasında qarşıdurmaya səbəb olub. Belə ki, son günlər partiya üzvləri sosial şəbəkələrdə və mətbuat səhifələrində bir-birlərini ittiham edərək yeni başqanın kim olacağı haqda qara-qara düşünürlər.
Müsavatın Divan üzvü Tural Abbaslı partiya başqanının müşaviri Səxavət Əlisoyun ittihamlara cavab verib.

AzVision.az-a açıqlamasında T.Abbaslı S.Əlisoyun qurultay məsələsini ortaya atmaqla özünü reklam etdiyini deyib.

“Səxavət Əlisoyun fikirləri ilə bağlı deyə bilərəm ki, o da namizədlərdən biridir. Bu, onun fikirləridir, onun strateji yanaşma tərzidir, özünü təqdimat formasıdır, bəlkə o formada özünə səs yığmaq istəyir.

S.Soltanlı narahat olmasın, Müsavatın 600-ə yaxın qurultay nümayəndəsi var. Qurultay nümayəndələri kimə səs versələr, kimi dəstəkləsələr, o da başqan olacaq”.

T.Abbaslı həmçinin partiyadaxili çəkişmələrdən söz açıb.

“Mən deməzdim bu qarşıdırmadır. Sadəcə rəqabət var. Siyasi çəkişmə var və bu, olacaq da. Bu təbiidir. Məncə hər şey normal gedir. Yaxşı bir zal ala bilsək, qurultay keçirsək hamı görəcək ki, Müsavat var”.

T.Abbaslı həmçinin Müsavat başqanı olmaq istəyənlərə mesaj yollayaraq özünün hamıdan güclü rəqib olduğunu diqqətə çatdırıb.

“Mən özümü başqan görürəm. Əgər özümdən daha artıq, daha lazımlı, faydalı kimisə görsəydim, namizədliyimi verməzdim. Təbii ki, eyni düşüncədə digər namizədlər də ola bilər. Hərənin özünə görə arqumenti var. Mən də bugünki siyasi reallığa əsasən bu addımı atmışam. Müsavat partiyasının başqanı olmaq hansısa imtiyazlara sahib olmaq demək deyil. Qurultay nümayəndələrinin iradəsi kimdən yana olacaqsa, biz müsavatçiyiq, şəxslərə görə yox, ideyaya görə birləşmişik, fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə açıqlama yayılandan sonra partiyadaxili ittihamlar yayılıb. İyulun 25-də Müsavat Partiyasının üzvü Səxavət Əlisoyun Facebook-da “Müsavat başqanı kim olacaq?” başlıqlı paylaşımı müzakirə mövzusuna çevrilib, müsavatçılar arasında mübahisə doğurub.

S.Əlisoy yazıb: “Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti