İsmət Abbasov səfiri prezidentin adından təbrik etdi

  30 İyul 2014    Oxunub : 562
İsmət Abbasov səfiri prezidentin adından təbrik etdi
Bu gün Mərakeşin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.
Mərasimdə əvvəlcə Azərbaycan və Mərakeşin dövlət himnləri səslənib.

AzərTAc xəbər verir ki, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyətdə olduğu son 15 il ərzində ölkəsində siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini söyləyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayan səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini qeyd edib.

Azərbaycan Baş nazirinin müavini İsmət Abasov əlamətdar gün münasibətilə Mərakeş xalqını Prezident İlham Əliyevin adından təbrik edərək ən xoş arzularını çatdırıb.

Ümummilli lider Heydər Əliyevin Mərakeşə səfərlərini xatırladan
İsmət Abasov ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyədə olan münasibətlərin Azərbaycanla Mərakeş arasındakı əməkdaşlığın daha da inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb.

İ.Abasov bildirib ki, ölkələrimiz arasında ənənəvi dostluğa, qarşılıqlı etimada, dəstəyə və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.

Teqlər: