“Vindzor Kral Atçılıq Şousu - 2025” start götürmüşdür - FOTO | VİDEO

“Vindzor Kral Atçılıq Şousu - 2025” start götürmüşdür - FOTO | VİDEO
  16 May 2025    Oxunub:396
May ayının 16-da Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2025” start götürmüşdür.
AzVision.az xəbər verir ki, Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq 130 nəfərlik nümayəndə heyəti ilə təmsil edilir.

Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.

Böyük Britaniya tamaşaçısı milli musiqi alətlərimizin ifasında səslənən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou-kompozisiyanı böyük heyranlıqla izləmişdir.

20 dəqiqə davam edən şou ərzində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaqla diqqətləri cəlb etmiş, tədbir iştirakçıları tərəfindən coşğu ilə qarşılanaraq ayaqüstə alqışlanmışlar.

Günün sonunda Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə əməkdar artist Afaq Abbasova və Səadət İsmayılova incə zövqlə seçilən piano ifaları ilə gecəyə xüsusi rəng qatmışlar.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 18-dək davam edəcək, bir gün əvvəl isə (mayın 17-si) “Land of Fire” polo komandasının çıxışı baş tutacaq.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti