Prezidentin yaratdığı fond fəaliyyətə başladı

  01 Avqust 2014    Oxunub : 1569
Prezidentin yaratdığı fond fəaliyyətə başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu fəaliyyətə başlayıb.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, qurumun strukturu tam müəyyənləşib, əməkdaşları təyin edilib.
Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev fondun əməkdaşları ilə iki dəfə geniş tərkibdə görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonunadək həyata keçiriləcək layihələr ətraflı müzakirə edilib, konkret tapşırıqlar verilib.

Fondun yaradılmasında əsas məqsəd əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə vətəndaşlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərlər təbliğ olunacaq, insanların müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması üçün tədbirlər həyata keçiriləcək. Eyni zamanda, insanların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq. Fond Azərbaycan tarixinin və mədəniyyətinin təbliği istiqamətində də fəal iş aparacaq, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası, beynəlxalq, regional və ölkədaxili proseslərlə bağlı ictimaiyyətə təhlil xarakterli məlumatlar çatdıracaq.

Xatırladaq ki, Bilik Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılıb. Qurumun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Prezident İlham Əliyevin Sərəncamı ilə Oqtay Səmədov Fondun icraçı direktoru təyin edilib.

Dövlət başçısı həmçinin Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Kamal Mehdi oğlu Abdullayev, Urxan Kazım oğlu Ələkbərov, Əhliman Tapdıq oğlu Əmiraslanov, Sabir Hüseyn oğlu Həsənli, Azərpaşa Zəfər oğlu Nemətov, Sahibə Əli qızı Qafarova, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.

Teqlər: