12 şəhid və matəm tələbi: Qanun nə deyir?

12 şəhid və matəm tələbi: Qanun nə deyir?
  02 Avqust 2014    Oxunub:37626
Hansı hallarda matəm elan edilə bilər?

Son bir neçə gündə erməni kəşfiyyat-təxribat qrupunun cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu faciə ilə üzləşib. Düşmən təxribatı 12 hərbiçimizin şəhid olması ilə nəticələnib. Ordumuzun üzləşdiyi bu faciə ölkədə matəm elan olunması tələbini gündəmə gətirib.
Sosial şəbəkələrdə bir çoxları şəhid olan əsgərlərin ruhuna ehtiram olaraq Azərbaycanda bir neçə günlük matəm olunmasını tələb edirlər.

Millət vəkili İqbal Ağazadə də bu təkliflə çıxış edib. Onun digər deputat həmkarları isə matəm elan olunmasına qarşı çıxıblar. Millət vəkilləri kimi ictimaiyyət nümayəndələrinin fikirləri bu mövzuda haçalanır.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq hansı hallarda ölkə ərazisində matəm elan olunmasını araşdırıb.

İlk öncə ölkə qanunvericiliyinə diqqət yetirək. Qanunvericilildə ölkə ərazisində matəm elan olunması ilə bağlı ayrıca müddəa yoxdur.

Azərbaycan Resbulikası Konstitusiyasında hansı hallarda ölkə ərazisində matəm elan olunması kimi məsələ öz əksini tapmayıb. Bu qərar yalnız dövlət başçısı tərəfindən verilə bilər. Yəni matən elan olunması birbaşa prezidentin səlahiyyətində və göstərişində olan məsələdir.

Prezident hansı hallarda matəm elan edə bilər?

Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, müharibə şəraitində olan ölkədə matəm elan olunması yolverilməzdir.

“Biz müharibə şəraitində yaşayırıq. Hər bir şəhidin verilməsini qəbul etmək lazımdır. Matəm elan olunması bizdə ruh düşkünlüyünün yaranmasına gətirib çıxara bilər. Biz müharibədəyik və müharibədə matəm olmur. Sadəcə şəhidlərin ruhuna ethiram olaraq bütün dövlət qurumları onların dəfn mərasimində iştirak etməli idi və bunu da biz dünən gördük”.

Ç.Qənizadə vurğulayıb ki, Zakir Həsənov şəhidlərin mükafatlandırılması istiqamətində düzgün addım atıb:

“Onların dəfnində də yerli icra strukturlarının rəhbərləri işitrak edib. Bu, onlara dövlətin qayğısıdır. Şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı qanunlar var, hesab edirəm ki, onlar da işə düşəcək”.

Matəmin hansı hallarda elan olunduğuna gəlincə isə deputat bildirib ki, adətən çoxsaylı insan tələfatı ilə nəticələnən fövqəladə hallar zamanı belə qərar verilir:

“Zəlzələ, daşqın və s.bu kimi hallarda insan itkisi çox olarsa, ölkədə matəm elan olunur. Məsələn, Hollandiyada Donetskdə qəzaya uğrayan və 200-ə yaxın Hollandiya vətəndaşının ölümü ilə nəticələnən hadisəyə görə 3 günlük yas elan olundu”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti