Bakıdan ABŞ-a Leyla Yunus cavabı

Bakıdan ABŞ-a Leyla Yunus cavabı
  02 Avqust 2014    Oxunub:2993
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Leyla Yunusla bağlı bəyanatına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, XİN-in bəyanata cavabında bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur: "Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz".

Qeyd olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda L.Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. L.Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur.

XİN bəyan edir ki, Azərbaycanda 3000-dən çox qeyri-hökumət təşkilatının olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir və qərəzli münasibətin göstəricisidir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir: "Bu tipli bəyanatlar sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləri kimi qiymətləndirir".

Nazirlik L.Yunusa ittiham elan edilməsinin xalq diplomatiyası ilə bağlı olmasına dair iddialarla əlaqədar bildirir ki, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu həmişə dəstəkləyib. Amma ictimai fəaliyyət və xalq diplomatiyası tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir: "Qanunun aliliyinin keşiyində durduğunu iddia edən Dövlət Departamentinin elə qanunun aliliyi, beynəlxalq hüququn prinsipləri və beynəlxalq təşkilatların qərarlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal edən, qanlı etnik təmizləmə törədən və belə əməllərini bu gün də davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyi düşünməsi daha yaxşı olardı".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.(trend)


Teqlər:  





Xəbər lenti