Ağdam veteranları Leyla Yunusu pislədi – BƏYANAT

Ağdam veteranları Leyla Yunusu pislədi – BƏYANAT
  04 Avqust 2014    Oxunub:2067
Ağdam rayonunda yaşayan müharibə əlilləri və veteranları, şəhid ailələri müraciət yayıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam Rayon Şöbəsinin sədri Baxşeyiş Hətəmlinin AzVision.az-a verdiyi məlumata görə, müraciətdə deyilir ki, ağdamlılar Leyla və Arif Yunusovların, həmçinin onların qurduğu tora düşənlərin əməllərini qətiyyətlə pisləyirlər.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası Baş Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə birgə yaydıqları rəsmi məlumat da göstərir ki, bu şəxslərin cinayətkar fəaliyyəti milli və dövlət maraqlarımıza necə böyük zərbə vurub.

Biz Qarabağ uğrunda döyüşlərdə düşmənin hər cür amansızlığının şahidi olmuşuq, erməni qəsbkarların törətdiyi vəhşilikləri görmüşük. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altında, özümüz köçkün və qaçqın vəziyyətindəyik. Lakin üzləşdiyimiz itkilər, yaşadığımız mərhumiyyətlər bizi heç vaxt mənən sındırmayıb, acizləşdirməyib. Dövlətimizə, onun rəhbərliyinə dərin və tükənməz inamla düşməndən qisasımızı alacağımız günü səbirsizliklə gözləyirik...

Belə bir vaxtda milli xəyanətkarların mənfur əməlləri bizə hədsiz mənəvi iztirab gətirir, doğma yurd həsrəti ilə tarıma çəkilmiş əsəblərimizi daha da gərginləşdirir, nifrət və qəzəbimizi çoşdurur.

“Sülh və demokratiya” kim bəşəri dəyərləri öz əlində siyasi oyuncağa və zəhmətsiz gəlir mənbəyinə çevirmiş Leyla və Arif Yunusovların milli maraqlarımız zidd mövqeyi, müstəqil və azad Azərbaycanı dünya ictimaiyyətinə qara rənglərlə təqdim etmək cəhdləri bizi hər zaman ciddi şəkildə narahat edib və hiddətləndirib. Onların “hüquq müdafiəçili”yinin arxasında çirkin niyyətlərin dayandığı daim hiss olunsa da, bu niyyətlər arasında vətənə xəyanət kimi ağır və dözülməz bir cinayətin gizləndiyini isə ehtimal etməzdik. Hüquq-mühafizə orqanlarının, milli təhlükəsizliyimizə cavabdeh olan dövlət qurumlarının bu ağır cinayətin üstünü açmasını, Leyla və Arif Yunusovların casusluq fəaliyyətinə dair şübhələri konkret faktlarla ortaya qoymasını vətən sevgisi ilə yaşayan hər bir azərbaycanlı kimi biz də alqışlayırıq, bu cinayətin bütün iştirakçılarının tezliklə ifşa edilib, ədalət mühakiməsinə verilməsini istəyirik.

Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluq və dövlətə xəyanət yolu tutanların öz cinayətkar əməllərinə Rauf Mirqədirov kimi öz jurnalist fəaliyyəti ilə cəmiyyətimizdə nüfuz qazanmış bir şəxsi də şərik etmələri acı təəssüf hissi doğurur. Öz peşə prinsiplərini və mənəvi dəyərlərini əli soydaşlarının qanına batmış düşmənin verdiyi çirkli pullara dəyişməkdən böyük rəzillik varmı?!

Əminik ki, Leyla və Arif Yunusovların, onlarla əlbir olanların cinayətkar siması tam açılacaq, millətimizə və dövlətimizə qarşı törətdikləri cinayətlər gərəkli hüquqi qiymətini alacaq!”


Teqlər:





Xəbər lenti