`Leyla Yunus vətən xainidir` - Bəyanat

`Leyla Yunus vətən xainidir` - Bəyanat
  05 Avqust 2014    Oxunub:3952
“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” vətənə xəyanətdə ittiham edilərək həbs edilən hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanat yayıb.

Bəyanatda özünü “günahsız insanların” müdafiəçisi kimi təqdim edən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun rəhbəri Leyla Yunusun erməni dəyirmanına su tökdüyünün çoxdan bəlli olduğu vurğulanır. Qeyd olunur ki, hər dəfə günahları üzə çıxanda, ermənipərəst hüquq müdafiəçilərini və bəzi beynəlxalq təşkilatların üzdəniraq ekspertlərini ətrafına toplayıb, guya Azərbaycanda ona qarşı təxribatlar törədildiyi və fəaliyyətinə süni əngəllər yaradıldığı barədə rəy formalaşdırmağa çalışır.

“Leyla Yunus “Sülh və Demokratiya İnstitutu” adı altında dəfələrlə Ermənistana səfər edib, orada görüşlər keçirib. O, “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” adı altında birgə layihələr həyata keçirir. Azərbaycan torpaqlarının 20 faizinin uzun müddətdir işğal altında saxlandığı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyi, münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğu bir vaxtda ermənilərlə birgə layihələrin həyata keçirilməsi vətənə ən böyük xəyanətdir.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal olunub. Neçə illərdir ki, həmin rayonların sakinləri olan azərbaycanlılar, o cümlədən biz - Dağlıq Qarabağ bölgəsinin azərbaycanlıları öz doğma torpaqlarımıza qayıda bilmirik. Bu illər ərzində torpaqlarımız və evlərimiz ermənilər tərəfindən dağıdılıb, talan edilib və yandırılıb. Biz öz doğma ata-baba yurdlarımıza qayıtmaq istəyirik. Ancaq Leyla Yunus və onun həmfikirləri bir dəfə də olsun bu həqiqəti dilinə belə gətirməyib, çox vaxt isə ermənilərin hüquqlarının guya pozulmasını utanmadan öz himayədarlarına çatdırır, bununla da əsil ermənipərəst mövqeyini daim ortaya qoyur.

Bununla yanaşı, Leyla Yunus heç bir vaxt 1 milyon insanın öz torpaqlarından zorla qovulmasını və təcavüzə məruz qalaraq hüquqlarının pozulmasını, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri də bilərəkdən yada salmır. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub. Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qətnamələrində münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həlli öz əksini tapması göstərilib.

O, daim erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı “siyasi məhbuslar”ın uydurma siyahısını təqdim edib.

Beynəlxalq təşkilatları, səfirlikləri və diplomatik korpusları öz oyununda alət eləməyə çalışan Leyla Yunusu bu gün həmin qurumlar müdafiə etməyə çalışır. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf, Helsinki Komissiyasının həmsədrləri Bena Kardin və Kristofer Smit kimilər Azərbaycan hökumətindən Leyla Yunusun azadlığa buraxılmasını əsasız surətdə tələb edirlər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tərəfindən dəfələrlə xarici təşkilatlara erməni icması ilə “Xalq diplomatiyası” çərçivəsində görüşlərin təşkil edilməsində vasitəçi olmaları üçün müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir görüş baş tutmayıb. Ancaq Leyla Yunus saxtakar və xəyanətkar əməlləriylə istədiyi vaxt xarici ölkə təşkilatları və Ermənistan rəhbərliyi ilə görüşlər təşkil etmiş, antiazərbaycan qrupların əlində “yaxşı” bir silah olmuşdur.

Biz, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Qarabağ ictimaiyyəti Leyla Yunusun antiazərbaycan mövqeyini kəskin pisləyirik. Bir milyondan artıq soydaşımızı öz doğma torpaqlarından didərgin salan ermənilərin mövqeyini dəstəkləyən, üzdəniraq “hüquq müdafiəçisinin” öz millətinə, dövlətinə qarşı apardığı destruktiv, cinayətkar fəaliyyətinə hüquqi müstəvidə qiymət verilməsinin tərəfdarı olduğumuzu bildiririk.

Leyla Yunusun və bu anti-Azərbaycan mövqeli xanımın həyat yoldaşı Arif Yunusun istintaqa cəlb edilməsi, onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Vətənə, dövlətə xəyanətdə ittiham olunması törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir.
Erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli “layihəsi” və əlaltısı olan vətən xaini Leyla Yunus ədalət qarşısında cavab verməlidir. Ona görə də “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də Leyla Yunusun ermənipərəst əməllərinə öz etirazını bildirir və onun bu cinayətkar əməllərini Vətənə xəyanət kimi qiymətləndirir.

Hüquq-mühafizə orqanları tərəfindən atılan bu addım Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənir və biz də bu qərarın haqlı olduğuna tərəfdar çıxırıq. Vətənə xəyanət bağışlanmır! Hər bir kəs qanun qarşısında öz layiqli cəzasını almalıdır!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti