Prokurorluğa işə qəbul başa çatdı

Prokurorluğa işə qəbul başa çatdı
  05 Avqust 2014    Oxunub:1582
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 71 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.

2002-ci ildən başlamaqla keçirilən və sayca 13-cü olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbul olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən və ölkə həyatının bütün sahələrində gənclərin intellektual potensialından geniş istifadəyə yönəlmiş dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilmiş mühüm tədbirlərdən biri olub.

Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf, ədalətli prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş 627 gənc hüquqşünas hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkiliblər.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2014-cü ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti