Əli Həsənovdan Leyla Yunusla bağlı bəyanatlara cavab

Əli Həsənovdan Leyla Yunusla bağlı bəyanatlara cavab
  05 Avqust 2014    Oxunub:2264
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsinə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Ə.Həsənov bəzi beynəlxalq təşkilatların Leyla Yunusla bağlı bəyanatlarını şərh edib:

“Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində öz öhdəliklərinə ardıcıl əməl edən, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına hərtərəfli dəstək verilən ölkədir. Bu gün Azərbaycanda 2500-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiya azad, sərbəst şəkildə fəaliyyət göstərir. Buna görə də ölkəmizdə insan haqlarının durumu, söz və məlumat azadlığı və digər sahələrdə mövcud vəziyyəti mənfi qiymətləndirən müəyyən xarici dairələrin, təşkilatların iddialarını əsaslı hesab etmirəm. Düşünürəm ki, bu iddialarla çıxış edən xarici təşkilatlar öz ölkələrində baş verən neqativ hallara diqqətlərini artırsalar, daha obyektiv görünərlər.

Konkret olaraq Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüblər. Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz. Diqqətə çatdırmaq istərdim ki, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq qanunlar cinayət törətdiyi ehtimal olunan şəxslərin fəaliyyət istiqamətinə görə məsuliyyətdən azad olunma praktikasını nəzərdə tutmurlar. Hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir.

Digər tərəfdən, açıq-aydın görünür ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan anti-milli qrup fəaliyyət göstərir. Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır. Bu qrup daim cəmiyyətdə inamsızlıq mühiti yaratmaq, milli birliyi sarsıtmaq, xaricdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyəti daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir. Onların nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verə bilməz”.

AzVision.az


Teqlər:





Xəbər lenti