Deputat cəbhədəki hadisələrdə Rusiyanı ittiham etdi

Deputat cəbhədəki hadisələrdə Rusiyanı ittiham etdi
  07 Avqust 2014    Oxunub:2338
"Cəbhə xəttində hazırda lokal döyüşlər gedir, bu baxımdan Azərbaycanda siyasi partiyaların fəaliyyətinin dondurulması real görünmür".
Bu fikirləri Böyük Quruluş Partiyasının başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, əgər ölkədə tam fövqəladə vəziyyət elan edilərsə, bu halda siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti dayandırıla bilər.

Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü cəhbədə baş verən hadisələrə də toxunaraq bildirdi ki, bütün bunlar Rusiyanın özü üçün yaratdığı yeni bir ssenaridən xəbər verir: "Əslində bu lokal döyüşlərin özü heç Ermənistanın xeyrinə deyil, çünki rəsmi İrəvan geniş ərazidə müharibə aparmaq iqtidarında deyil. Erməni istədiyi torpağı tutub, orda oturub. İrəliləmək fikirləri də yoxdur. Torpağı almaq istəyən, irəli getmək fikrində olan bizik. Açıq-aşkar görünür ki, bu, Rusiyanın iki prezidentin görüşü ərəfəsində özünə daha çox ehtiyac duyulması baxımından yaratdığı süni bir vəziyyətdir. Son günlər cəbhədə gedən atışmalar göstərdi ki, Azərbaycan ordusu ermənilərə layiqli cavab verdi. Ermənilərin irəliləyiş əldə etməsinə imkan vermədi. İndi düşmən bildi ki, əvvəlki dövrlərdə olduğu kimi rahatlıqla Azərbaycan torpağını ələ keçirə bilməz. Əksinə biz torpaqları geri almaq üçün daha ciddi addımlar atmalıyıq. Bölgədəki vəziyyətin əsas izahı bundan ibarətdir. Bütün Azərbaycan xalqı ordumuza dəstək verməlidir ki, yeni-yeni qələbələrə nail olaq".

Azərbaycan Respublikası Milli Məclisinin deputatı əlavə etdi ki, əsas hədəfimiz 1-2 postu götürmək deyil, əsas hədəfimiz Dağlıq Qarabağ və onun ətrafında işğal edilən rayonlarımızı azad etməkdir.

"Biz indi qarşımıza qoyduğumuz bu əsas hədəfdən yayınmamalıyıq və kiçik ölçülü uğurlara sevinməməliyik. Biz özümüzü böyük uğurlara sevinmək üçün hazırlamalıyıq. Ermənilər isə bütün dünyaya car çəkir ki, Dağlıq Qarabağda onların hüquqları pozulur. Belə olan halda onların ətraf rayonlarda nə işi var. Onların hər mənasız bəhanəsinə isə biz beynəlxalq şəraitdən istifadə edərək layiqli cavab verməliyik", - deyə Fazil Mustafa bildirdi.(Ans)


Teqlər:  





Xəbər lenti