“Şəhidlərimizin qanı yerdə qalmadı” - Prezident

“Şəhidlərimizin qanı yerdə qalmadı” - Prezident
  07 Avqust 2014    Oxunub:2341
“Burada vətəndaşlar indiyədək çox ağır şəraitdə yaşayıblar. Yeraltı qazmalarda, qamış evlərdə uzun illər əziyyət çəkiblər. İndi onların həyatında yeni dövr başlayır, burada rahat yaşayacaqlar. Ancaq, əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev ötən gün Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edərkən bildirib.

Ölkə başçısı məcburi köçkünlərin sosial vəziyyətinin axşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlətin əməli-praktiki addımlar atdığını diqqətə çatdırıb.

“Dövlət Proqramı qəbul olunmuşdur, sonra proqrama əlavələr edilmişdir və son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Bütün qəsəbələrdə ən yüksək standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaqdır.

Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar.

Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq”.

Prezident əlavə edib ki, köçkünlər arasındakı yoxsulluq da aşağı düşür, məşğulluq artır, iş yerləri açılır.

“Yəni bu işlər ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses davam etdiriləcək. Bütövlükdə, Ağdam rayonunun inkişafı ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Sosial obyektlər, məktəblər tikilir. Hər bir qəsəbədə gözəl məktəb tikilib. Bu məktəb də çox gözəl, böyük məktəbdir. Eyni zamanda, kəndlərdə olan məktəblər təmir olunur, Olimpiya kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilibdir. İnfrastruktur layihələri icra edilir.

Ağdamda demək olar ki, qazlaşma 100 faizə yaxındır. Əvvəlki dövrdə, ümumiyyətlə, qaz yox idi. İndi mənə məlumat verildi ki, cəmi bir kəndə qaz verilmir və oraya da veriləcək. Beləliklə, 100 faiz qazlaşma təmin ediləcək. Elektrik enerjisi ilə təchizat yaxşıdır. İçməli su məsələləri həll olunur, artezian quyularının qazılması prosesi davam etdirilir. Kənd yolları abadlaşır, tikilir. Bir müddət əvvəl Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına bir neçə kəndi birləşdirən yol çəkilmişdir. Bilirəm ki, yol çəkilişinə yenə də ehtiyac var. Ona görə də əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, biz qalan yolları da abadlaşdıraq. Bir sözlə, rayonun inkişafı üçün əlimizdən gələni edirik, edəcəyik. Ağdam rayonunun çox böyük potensialı vardır. Bu gün də bu potensial ölkəmiz üçün lazımdır”.

Ölkə başçısı Qarabağ müharibəsində Ağdamlıların böyük itkilər verdiyini deyib:

“Ağdamlılar müharibə zamanı böyük itkilər vermişlər. Ən çox şəhidi olan rayon Ağdam rayonudur. Ağdamlılar böyük qəhrəmanlıq göstərmişlər. Ağdamdan olan Milli qəhrəmanlarımız xalqımız üçün qürur mənbəyidir və bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur.

Prezident çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

“Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik”.
İlham Əliyev ölkəmizdə quruculuq işlərinin bundan sonra da davam edəcəyini qeyd edib:

“Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz, Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı - həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır.

Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir. Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır”.

Ölkə başçısı çıxışı zamanı işğalçı Ermənistana sərt mesajlar ünvanlayın. Bildirib ki, işğalçı qüvvələr bizim torpağımızdan çıxmalıdır. Ondan sonra sülh bərpa oluna bilər.

“Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müharibə şəraitində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz.

Biz bundan sonra da ölkəmizi inkişaf etdirəcəyik. Bütün istiqamətlər üzrə konkret proqramlar, planlar var və icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf templərinə görə lider dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də cəbhəyanı bölgələrin inkişafı diqqət mərkəzindədir. Bugünkü açılış da bunun bariz nümunəsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti