“ASAN”ın adından istifadə edən dələduzlar tutuldu

İstintaqla müəyyən edilib ki, V.Baxşəliyev cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qanuni fəaliyyətdən kənara çıxaraq, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü “ASAN” xidmət mərkəzinin əməkdaşı kimi təqdim edərək 2014-cü ilin fevral ayında 19 nəfər Bərdə rayon sakinindən ümumilikdə 420 manat pulu ələ keçirərək dələduzluq edib, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb “ASAN” xidmət mərkəzinin fəaliyyətini nüfuzdan salan, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
V.Baxşəliyev Cinayət Məcəlləsinin 178.2.3, 309.1 və 313-cü maddələri ilə təqsirli bilinərək Bərdə rayon məhkəməsi tərəfindən barəsində müvafiq ittiham hökmü çıxarılıb.
Digər cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “SF Qiymətləndirmə” MMC, “Kamal-SF” MMC-nin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC və “Qiymətləndirmə Xidməti” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək fiziki şəxslərin hüquqlarına və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə özgə əmlakının ələ keçirilməsi faktlarına görə başlanmışdır. Həmin cinayət işinin materiallarından “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin qiymətləndirici mütəxəssisi Hüseyn Abdullayevin barəsində cinayət işi ayrılaraq istintaqı aparılıb.
İstintaqla müəyyən edilib ki, H.Abdullayev cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qanuni fəaliyyətdən açıq-aşkar surətdə kənara çıxaraq, öz səlahiyyətləri dairəsinə daxil olmayan hərəkətlər etməklə, yəni vəzifə səlahiyyətlərini aşaraq 2014-cü ilin fevral ayında Saatlı şəhər sakinlərinə özünü “ASAN” xidmət mərkəzinin əməkdaşı kimi təqdim edərək, fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsini, evlərinin qiymətləndirilməsi barədə sənəd verəcəyini bildirib onlardan ümumilikdə 200 manat almaqla korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Saatlı rayon məhkəməsinin hökmü ilə H.Abdullayev Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq ittiham hökmü çıxarılıb.